Bakı. Trend:
Bir nəsil ərzində ilk dəfə olaraq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün real perspektiv var.
Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Duncan Norman Kral III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən qəbulda bildirib.
"Sülh regionda ticarət, investisiya və əlaqə üçün yeni imkanlar açacaq. Hazırda vəzifə sülhü geri dönməz vəziyyətə gətirməkdir", - deyə səfir vurğulayıb.
Ailəsinin 1999-cu ildə ilk dəfə Bakıya səfər etməsindən bəri ölkənin transformasiyasından danışan diplomat müasir respublikanı dinamik, müasir və qlobal miqyasda inteqrasiya olunmuş, real fürsət anını yaşayan bir respublika kimi təsvir edib.
"Böyük Britaniya ilə Azərbaycan arasında otuz ildən çox davam edən və hazırda strateji tərəfdaşlığa çevrilmiş əməkdaşlığı inkişaf etdirmək şərəfinə nail oldum. Əlbəttə ki, münasibətlərimiz enerji ilə başlayıb. BP-nin qabaqcıl investisiyaları Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına kömək edib və biz bu güclü başlanğıc üzərində işləməyə davam edirik. Lakin tərəfdaşlığımız enerji sahəsindən daha da irəli gedir", - deyə səfir qeyd edib. O əlavə edib ki, aviasiya, infrastruktur, maliyyə, süni intellekt və güclü müdafiə əməkdaşlığı sahələrində qarşılıqlı əlaqələr əhəmiyyətli dərəcədə genişlənib.
Bundan əlavə, səfir Böyük Britaniyanın humanitar səylərdə və regionda münaqişədən sonrakı bərpa işlərində fəal iştirakını vurğulayıb. "Qarabağda minaların təmizlənməsinə verdiyimiz dəstəyə görə fəxr edirik, icmaların bərpasına və inkişafına kömək edirik", - deyə diplomat qeyd edib.
"Mən Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlığın həm ambisiya, həm də təsir baxımından böyüməsinə sadiqəm", -deyə o bildirib.