Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qrupu 50 milyard dollardan çox sukuk emissiyası həyata keçirib, bunun 5 milyardı "yaşıl sukuk"dur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş”də deyib.
O, İslam maliyyəsi alətləri, xüsusilə sukukların rolu və bankın maliyyə göstəriciləri barədə danışıb.
Əl-Casir bildirib ki, İslam maliyyəsi müxtəlif layihələrə uyğunlaşdırıla bilən yeni maliyyə alətləri təqdim edir:
"Sukuklar İslam ənənələrinə əsaslanan mühüm innovasiyadır və aktivlərlə təmin olunduğu üçün həddindən artıq borclanmanın qarşısını alır. Bu isə yalnız idarəolunan həcmdə emissiyaya imkan yaradır və maliyyə sabitliyinə töhfə verir. Sukuk mexanizmi həm də tamamlanmış layihələrin aktivlərinin satışı və ya girov qoyulması yolu ilə vəsait cəlb edilərək yeni layihələrə yenidən investisiya imkanları yaradır".
Əl-Casirin sözlərinə görə, bu alət layihələrin maliyyələşdirilməsini asanlaşdırmaqla yanaşı, investisiya və qənaət vasitəsi kimi də istifadə oluna bilir.
İİB sədri əlavə edib ki, bank indiyədək 50 milyard dollardan çox sukuk emissiyası həyata keçirib, bunun 5 milyard dolları isə “yaşıl sukuk”ların payına düşür. Onun sözlərinə görə, bu istiqamətdə tələbat da olduqca yüksəkdir. Əl-Casir həmçinin vurğulayıb ki, İİB müxtəlif amillər, o cümlədən istifadə etdiyi maliyyə alətləri sayəsində yüksək kredit reytinqinə malikdir və bu göstərici AAA səviyyəsinə çatıb. O bildirib ki, bu, İslam maliyyə sistemində əldə olunan yeganə AAA reytinqdir.
"Bu reytinqin əldə olunmasında səhmdarların və borcalanların dəstəyi mühüm rol oynayıb və ən vacib məsələ bu yüksək reytinqin qorunub saxlanılmasıdır", - bank sədri əlavə edib.