Bakı. Trend:
Az inkişaf etmiş ölkələr iqlim dayanıqlılığı üçün tələb olunan maliyyənin təxminən 10 faizini əldə edirlər. Bu isə onların real ehtiyaclarından təxminən 100 dəfə az resurs deməkdir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” tədbirində deyib.
Onun sözlərinə görə, son illərdə beynəlxalq tədbirlərin təşkili və yüksək səviyyəli dialoqların həyata keçirilməsi əhəmiyyətli dərəcədə asanlaşıb.
“İslam Əməkdaşlıq Təşkilatında (İƏT) rəhbərlik etdiyim dövrü xatırlayıram. 10 il əvvəl bu cür bir panelin iki həftə ərzində təşkili çox çətin idi. Bu gün isə nəinki panelin konsepsiyası hazırlanıb və yüksək səviyyəli iştirakçılar dəvət olunub, həm də mühüm bir sənədin hazırlanması barədə məlumat verilir. Bu sənəd AIDA ilə İslam İnkişaf Bankı arasında beynəlxalq texniki yardım sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edir”, – deyə E.İsgəndərov bildirib.
O qeyd edib ki, beynəlxalq texniki yardımda iqlim dayanıqlılığı amili getdikcə daha mühüm rol oynayır.
“Azərbaycanın iqlim diplomatiyası sahəsində qazandığı təcrübə və biliklər, eləcə də COP29 çərçivəsində irəli sürülən Bakı İqlim və Sülh Fəaliyyəti Həbi bu istiqamətdə mühüm miraslardan biridir”, – deyə səfir vurğulayıb.
E.İsgəndərov bildirib ki, COP29 çərçivəsində irəli sürülən təşəbbüslər xüsusilə ən az inkişaf etmiş ölkələrin üzləşdiyi çoxşaxəli problemlərə cavab verməyi hədəfləyir.
“Bir çox iqlimə həssas ölkələr eyni zamanda ‘qapalı dairə’ ilə üzləşir: sülhün olmaması, iqlim fəaliyyətinin zəifliyi və institusional potensial çatışmazlığı bir-birini daha da gücləndirir. Münaqişə və kövrək vəziyyətlər səbəbindən bu ölkələr beynəlxalq maliyyə institutlarından daha az dəstək alır. Halbuki onların iqlim riskləri daha yüksəkdir”, – deyə o bildirib.
Səfir statistik göstəricilərə də diqqət çəkib.
“Ən iqlim həssas 25 ölkədən 18-i münaqişə və ya kövrək vəziyyətlərdən əziyyət çəkir və adambaşına təxminən 2,1 dollar yardım alır. Müqayisə üçün, digər az inkişaf etmiş ölkələrdə bu göstərici 18 dollardır. Ümumilikdə isə az inkişaf etmiş ölkələr iqlim dayanıqlılığı üçün tələb olunan maliyyənin təxminən 10 faizini əldə edirlər. Bu isə onların real ehtiyaclarından təxminən 100 dəfə az resurs deməkdir”, – deyə E.İsgəndərov qeyd edib.
Onun sözlərinə görə, ikinci əsas çağırış iqlim maliyyələşmə sisteminin mürəkkəb və bürokratik olmasıdır.
“Müraciət prosedurları və çoxsaylı vasitəçilər o qədər mürəkkəbdir ki, ən həssas ölkələr əlavə institusional imkanlar yaratmağa məcbur qalır. Halbuki onların əsas ehtiyacı birbaşa və sadələşdirilmiş maliyyəyə çıxışdır”, – deyə o vurğulayıb.
E.İsgəndərov bildirib ki, COP29 çərçivəsində Azərbaycanın əsas yanaşması müxtəlif tərəfləri bir araya gətirən əməkdaşlıq platformasının yaradılması olub.
“Donor ölkələr, çoxtərəfli inkişaf bankları, akademik dairələr, sülh və iqlim təşkilatları bir platformada birləşdirilib. Əsas məqsəd etimadın gücləndirilməsi və sadə, işlək metodologiyanın tətbiqidir: kiçik həcmdə pilot layihələr vasitəsilə genişləndirilə bilən və investisiya üçün cəlbedici modellərin yaradılması”, – deyə səfir əlavə edib.