Bakı. Trend:
Misir və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da güclənməsi infrastruktur, energetika, əczaçılıq və logistika sahələrində yeni investisiya imkanları yaradır.
Bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə müsahibəsində Misirin Planlaşdırma və İqtisadi İnkişaf naziri, Misir Ərəb Respublikasının İslam İnkişaf Bankındakı (İİB) rəhbəri (qubernatoru) Əhməd Rostom deyib.
Nazirin sözlərinə görə, qlobal miqyasda infrastruktur investisiyalarına tələbat sürətlə artır və 2030-cu ilə qədər bu sahədə illik investisiya ehtiyacının 29 trilyon dollara çatacağı gözlənilir.
“Bu, bir tərəfdən hökumətlərin vətəndaşlar üçün yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə keyfiyyətli infrastruktur layihələrinə ehtiyacının artdığını göstərir. Digər tərəfdən isə dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadi artım və yeni iş yerlərinin yaradılması üçün böyük imkanlar yaradır. İnfrastruktur investisiyalarının genişləndirilməsi iqtisadi inkişafın sürətləndirilməsi və məşğulluğun artırılması baxımından vacib amildir”, – deyə o bildirib.
Ə.Rostom qeyd edib ki, bu kimi beynəlxalq tədbirlər dövlət qurumlarını, maliyyə institutlarını və özəl sektor nümayəndələrini bir araya gətirərək investisiya imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır.
“Belə platformalar maliyyələşdirilə bilən layihələrin təqdim olunmasına, özəl sektorun iştirakının genişləndirilməsi imkanlarının müzakirəsinə, güzəştli maliyyələşdirmə, risklərin bölüşdürülməsi və idarə olunması mexanizmlərinin təşviqinə xidmət edir. Eyni zamanda, sərhədlərarası iqtisadi inteqrasiyanın inkişafı, siyasətlərin uyğunlaşdırılması və qarşılıqlı faydalı əməkdaşlıq modellərinin yaradılması üçün də mühüm rol oynayır”, – deyə nazir vurğulayıb.
Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlıq perspektivlərindən danışan Ə.Rostom iki ölkə arasında münasibətlərin son illərdə daha da gücləndiyini bildirib.
“Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana, Prezident İlham Əliyevin isə Misirə səfərləri iki ölkə arasında strateji tərəfdaşlığı ən yüksək siyasi səviyyəyə yüksəldib. Bu da yeni investisiya və əməkdaşlıq imkanlarının açılmasına şərait yaradır”, – deyə o qeyd edib.
Nazirin fikrincə, infrastruktur, əczaçılıq sənayesi və energetika sahələri əməkdaşlıq üçün ən perspektivli istiqamətlər sırasındadır.
“Bərpa olunan enerji, neft-qaz sektoru və enerji infrastrukturunun inkişafı sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. Xüsusilə boru kəmərlərinin tikintisi və enerji infrastrukturunun yaradılması istiqamətində Misir böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır”, – deyə o bildirib.
Ə.Rostom əlavə edib ki, iki ölkə arasında logistika və nəqliyyat əlaqələrinin inkişafı da xüsusi əhəmiyyət daşıyır.
“Hər iki ölkə iqtisadi dəhlizlərin idarə olunması və inkişafı sahəsində mühüm təcrübəyə malikdir. Bu təcrübənin paylaşılması, ticarət qaydalarının və tənzimləyici çərçivələrin daha da uyğunlaşdırılması malların və xidmətlərin hərəkətini asanlaşdıra bilər. Həmçinin Azərbaycan və Misirdə yerləşən logistika qovşaqları arasında tərəfdaşlıqların yaradılması qlobal ticarət axınlarının sürətlənməsinə töhfə verə bilər”, – deyə o vurğulayıb.
Misirli nazir dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələri üzrə əməkdaşlığın da böyük perspektivə malik olduğunu bildirib.
“Misirin iri infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəyə malik özəl və dövlət şirkətləri var. Hava limanları, bəndlər və digər iri obyektlərin tikintisi sahəsində Misir şirkətləri Afrikada və Körfəz ölkələrində uğurlu layihələr reallaşdırıblar. Hesab edirəm ki, növbəti mərhələdə bu təcrübəni Azərbaycan iqtisadiyyatının inkişafına yönəltmək, birgə layihələr həyata keçirmək və ortaq rifah naminə əməkdaşlığı genişləndirmək mümkündür”, – deyə Əhməd Rostom əlavə edib.