Bakı. Trend:
Azərbaycan regional ticarət və investisiyalar üçün mühüm hab kimi mövqeyini gücləndirir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional rifah üçün ticarət və investisiyaların risklərinin azaldılması” mövzusunda çıxışında deyib.
O, Azərbaycanın regional iqtisadi inteqrasiya, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm strateji mövqeyə malik olduğunu bildirib.
İcraçı direktor qeyd edib ki, hazırkı qlobal iqtisadi mühitdə geosiyasi gərginliklər, təchizat zəncirində pozuntular, iqlim dəyişiklikləri və maliyyə qeyri-sabitliyi kimi çağırışlar fonunda risklərin səmərəli idarə olunması iqtisadi sabitliyin əsas elementinə çevrilib.
“Azərbaycan regional bağlantıları və əmtəə əməkdaşlığını uzunmüddətli rifahın əsas hərəkətverici qüvvələrindən biri kimi görür. Ölkəmiz enerji və tranzit sahəsində strateji mərkəz kimi mövqeyini möhkəmləndirib və eyni zamanda beynəlxalq ticarət və investisiyalar üçün də regional hub olmağı hədəfləyir", – deyə o bildirib.
Y. Abdullayevin sözlərinə görə, həyata keçirilən infrastruktur layihələri və iqtisadi islahatlar Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində mühüm rolunu daha da gücləndirib. Onun qeyd etdiyinə görə, 2020–2025-ci illər arasında Azərbaycanın ümumi ticarət dövriyyəsi 24,5 milyard dollardan 49,4 milyard dollara yüksələrək iki dəfədən çox artıb.
O vurğulayıb ki, ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də fəal siyasət həyata keçirir:
“Enerji sektoru hələ də iqtisadiyyatın əsas sütunlarından biridir, lakin bizim baxışımız bundan daha genişdir. Biz sənaye zonaları vasitəsilə əczaçılıq, toxuculuq, ağır və yüngül sənaye, maşınqayırma kimi sahələrdə yeni imkanlar yaradırıq".
İcraçı direktor, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Xəzər regionunda əsas logistika mərkəzlərindən birinə çevrildiyini, Bakı–Tbilisi–Qars dəmir yolunun isə Asiya ilə Avropa arasında birbaşa və sürətli nəqliyyat bağlantısı yaratdığını bildirib.
Onun sözlərinə görə, rəqəmsal infrastruktur, innovasiya ekosistemləri və insan kapitalına yatırımlar da Azərbaycanın bilik əsaslı iqtisadiyyata keçidini sürətləndirir.
“Lakin yalnız sərt infrastruktur kifayət etmir. Tənzimləyici fərqliliklər, maliyyəyə çıxış məhdudiyyətləri və institusional çətinliklər hələ də regional ticarətə təsir göstərir. İnvestorlar üçün isə etimad, proqnozlaşdırıla bilən mühit və risklərdən qorunma vacibdir", – deyə o qeyd edib.
Y. Abdullayev əlavə edib ki, son illərdə Azərbaycan gömrük sistemlərinin modernləşdirilməsi, rəqəmsal ticarət platformalarının genişləndirilməsi, sərhəd prosedurlarının sadələşdirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb.
O bildirib ki, əlavə investisiyaların cəlbi üçün risklərin azaldılması mexanizmləri xüsusi əhəmiyyət daşıyır:
“Bu kontekstdə İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam İnvestisiya Sığortası və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) kimi qurumlar investisiya və ticarət risklərinin azaldılmasında mühüm rol oynayır".