Daşkənd. Trend
Albaniya beynəlxalq investorların və tərəfdaşların, o cümlədən Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayır.
Trend-in xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə, bunu Albaniya Prezidenti Bayram Beqay 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun — TIIF 2026-nın açılışında bildirib.
“Albaniya və Özbəkistanın ortaq cəhətləri coğrafi xəritədə göründüyündən daha çoxdur. Hər iki ölkəmiz qarşılıqlı əlaqələrin inkişafına investisiya yatırır. Hər ikisi daha geniş regional şəbəkədə öz rolunu gücləndirməyə çalışır. Hər ikisi anlayır ki, iqtisadi uğur təkcə daxili resurslardan deyil, həm də bazarları əlaqələndirmək, investisiyalar cəlb etmək, innovasiyaları stimullaşdırmaq və məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq qabiliyyətindən asılıdır. Biz beynəlxalq investorların və tərəfdaşların, o cümlədən Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayırıq”, — deyə dövlət başçısı bildirib.
Beqayın fikrincə, iki ölkə arasında daha fəal turist axınının təşviqi üçün əhəmiyyətli potensial mövcuddur.
“Albaniya Özbəkistandan daha çox qonağı qəbul etməkdən məmnun olardı. Eyni zamanda ümid edirəm ki, daha çox alban bu ölkənin möhtəşəm mədəniyyəti və irsi ilə tanış olmaq imkanı qazanacaq”, — deyə dövlət başçısı qeyd edib.
Bundan əlavə, Albaniya Prezidentinin sözlərinə görə, bərpa olunan enerji uzunmüddətli əməkdaşlıq baxımından diqqətə layiq olan daha bir sahədir.
“Albaniya günəş və külək energetikasına əhəmiyyətli investisiyalar yatırır, bununla yanaşı, mühüm hidroenergetika güclərini artırmağa davam edir”, — deyə Prezident bildirib.
Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtında 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu — TIIF 2026 işə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.
Yubiley forumu təkcə əvvəlki uğurları möhkəmləndirməyi deyil, həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahələr üzrə ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktiki yönümünü gücləndirməyi hədəfləyir. Bu gün TIIF beynəlxalq kapitalın etimad göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyası üçün mühüm platforma hesab olunur.