Bakı.Trend:
İran ötən gecədən etibarən İsrail ərazisinə ümumilikdə 24 ballistik raket buraxıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında qeyd olunub.
IDF-in məlumatına görə, raketlərin əksəriyyəti zərərsizləşdirilib, qalanları isə açıq sahələrə düşüb.
Qərb Sahili istiqamətində buraxılmış raketin zərərsizləşdirilməsindən sonra onun dağıntıları bir neçə yaşayış evinə ziyan vursa da, hücumlarda heç kim xəsarət almayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs barədə razılığa gəliblər. İyunun səkkizinə keçən gecə İsrailə və İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və hava zərbələri endirməyə başlayıblar.