Bakı. Trend:
31-ci Bakı Enerji Həftəsinin uğurla keçirilməsi Azərbaycanın qlobal enerji bazarında artan rolunun və beynəlxalq nüfuzunun növbəti təsdiqi kimi qiymətləndirilir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, enerji şirkətlərinin rəhbərlərinin və aparıcı ekspertlərin Bakıda bir araya gəlməsi ölkəmizin etibarlı tərəfdaş və mühüm enerji mərkəzi statusunu bir daha nümayiş etdirdi.
"Bu gün Azərbaycan təkcə zəngin enerji resurslarına malik ölkə kimi deyil, həm də Avropa və Asiyanın enerji təhlükəsizliyinə töhfə verən strateji tərəfdaş kimi tanınır. Bakı Enerji Həftəsinə göstərilən yüksək maraq ölkəmizin həyata keçirdiyi enerji siyasətinin beynəlxalq səviyyədə etimad qazandığını göstərir. İllərdir uğurla reallaşdırılan neft-qaz layihələri, Cənub Qaz Dəhlizi kimi nəhəng təşəbbüslər və yaşıl enerji istiqamətində atılan addımlar Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərin əsas göstəricilərindəndir."
Politoloq qeyd edib ki, tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Bakı Enerji Həftəsi uzun illər ərzində beynəlxalq enerji əməkdaşlığının mühüm platformasına çevrilib.
"Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın enerji siyasəti qarşılıqlı etimada, tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa əsaslanır. Prezidentin sözlərinə görə, ölkəmiz bu gün bir çox dövlətin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və tərəfdaş ölkələrin etibarlı təchizatçısı kimi tanınır.
Azərbaycanın enerji sahəsində qazandığı uğurlar yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Ölkəmiz eyni zamanda regional əməkdaşlığın gücləndirilməsinə, enerji marşrutlarının şaxələndirilməsinə və bərpaolunan enerji mənbələrinin inkişafına da mühüm töhfə verir. Xüsusilə son illərdə yaşıl enerji layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəyə hesablanmış enerji strategiyasının mühüm tərkib hissəsinə çevrilib".
A. Qarayev qeyd edib ki, 31-ci Bakı Enerji Həftəsi bir daha göstərdi ki, Azərbaycan qlobal enerji gündəliyinin formalaşmasında söz sahibi olan ölkələrdən biridir.
"Belə nüfuzlu tədbirin məhz Bakıda keçirilməsi dövlətimizin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edildiyini və enerji diplomatiyasının uğurla davam etdiyini nümayiş etdirir. Bu, həm də Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi nailiyyətlərin, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin növbəti uğurlu nəticəsi kimi dəyərləndirilir", - deyə o qeyd edib.