Bakı. Trend:
Rusiyanın Ermənistan məhsullarının idxalına məhdudiyyətlərin tətbiq olunması ilə bağlı gördüyü tədbirlər normal bir prosesdir: yeni məhsullar yoxlanılmalıdır.
Trend Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.
“Biz ümumiyyətlə Ermənistandan idxala qarşı heç bir məhdudiyyət tətbiq etmirik. Bu, sadəcə normal, adi bir iş prosesidir, indi yeni məhsul mövsümü başlayıb, yeni məhsullar daxil olur və təbii ki, iş prosesində müəyyən hallar ortaya çıxır. Bu, vaxtaşırı baş verir. Bizdə adi iş prosesi gedir”,- deyə Rusiya Baş nazirinin müavini bildirib.
Onun sözlərinə görə, yeni məhsul həmçinin istehlakçı üçün potensial risklər baxımından da yoxlanılır.
“Biz Rusiyada öz istehlakçılarımızı qorumalıyıq. Baxmalıyıq ki, ölkəmizə nə gətirilir - orada hər hansı zərərvericilər, xəstəliklər varmı. Bu ,həm istehlakçı, həm də bizim istehsal üçün təhlükə yarada bilərmi. Görünən odur ki, nəsə aşkar edilib”, - deyə Overçuk qeyd edib.