Bakı. Trend:
Son illərdə ölkəmizin rəqəmsal gələcəyini təmin edən mühüm dövlət proqramları və strategiyaları qəbul olunub. Bütün bu təşəbbüslər ölkədə rəqəmsal transformasiya proseslərinin idarə edilməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədinə xidmət edir.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.
Rəis müavini vurğulayıb ki, bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Rəqəmsal Şuranın yaradılmasıdır:
“Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi rəqəmsallaşma və yüksək texnologiyaların tətbiqinin dövlətin ən ali strateji prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir. Bu yüksək diqqət və dəstək ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin güclənməsinə, eyni zamanda dövlət qurumları, universitetlər və sənaye tərəfdaşları arasında əməkdaşlığın daha səmərəli müstəviyə keçməsinə mühüm təkan verir”.
A.İsmayılov bildirib ki, Dünya İqtisadi Forumunun son hesabatlarına əsasən, yaxın perspektivdə kibertəhlükəsizlik sahəsinə ən ciddi təsir göstərəcək amillərdən biri məhz süni intellekt texnologiyalarının geniş tətbiqidir:
“Eyni zamanda qeyd olunur ki, təhlükəsizlik sistemləri və qabaqlayıcı yanaşmalar bir çox hallarda texnoloji inkişafın sürətindən geri qalır. Bu isə informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar yaradır və daha çevik yanaşmalar tələb edir”.
O xatırladıb ki, 2022-ci ilin ilk rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kiberhücumlar qeydə alınıb və aidiyyəti qurumların fəaliyyəti nəticəsində bu təhdidlərin qarşısı uğurla alınıb:
“Bu faktlar bir daha göstərir ki, kibertəhlükələr artıq nəzəri xarakter daşımır. Onlar real, dinamik və daim dəyişən risklərdir və davamlı diqqət tələb edir”.
Rəis müavininin sözlərinə görə, təcrübə göstərir ki, kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla təmin olunmur:
“Burada strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyət həlledici rol oynayır. Bu istiqamətdə nəticə əldə etmək üçün dövlət qurumları, elmi-tədqiqat institutları və özəl sektor arasında davamlı və səmərəli əməkdaşlıq formalaşdırılmalıdır”.