Bakı. Trend:
ABŞ Azərbaycan tərəfindən inşa edilən boru kəməri və digər enerji infrastrukturunun inkişafında daha əhəmiyyətli rol oynamağa çalışır.
Trend-in verdiyi məlumata görə, bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.
"Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi bir araya gətirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və nəzərəçarpacaq irəliləyiş əldə etməkdir, çünki nəticə etibarilə sülhü yaradan iqtisadi rifahda ortaq maraqdır", - deyə Orr bildirib.
O qeyd edib ki, Azərbaycan və ABŞ hazırda bir neçə təşəbbüs üzərində işləyirlər.
"Əvvəla, qeyd etmək istəyirəm ki, enerji sektoru artıq konkret Amerika investisiyaları var və biz onları genişləndirmək niyyətindəyik. Bakı Enerji Həftəsi üçün Bakıya səfərimiz zamanı ExxonMobil ilə görüşdük. Keçən il Bakı Enerji Həftəsində ExxonMobil Azərbaycanda yeni kəşfiyyat işləri ilə bağlı anlaşma memorandumu imzaladı. Biz bu təşəbbüsü dəstəkləyirik. ExxonMobil Azərbaycandan tranzitlə bağlı bir neçə əsas infrastruktur layihəsində səhmdardır. Dünən Bakı Enerji Həftəsində Chevron kəşfiyyat aparmaq üçün yeni müqavilə imzaladı. Biz bu konkret layihələr irəlilədikcə onların həyata keçirilməsini dəstəkləyirik", - deyə Orr bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın inşa etdiyi boru kəmərlərinin və digər enerji infrastrukturunun inkişafında daha əhəmiyyətli rol oynamaq istəyir.
"Biz gözləyirik ki, Tramp Marşrutu Azərbaycanın Avropaya və dünyanın digər bölgələrinə enerji tranziti üçün Orta Dəhlizdə mərkəz kimi rolunu gücləndirməyə imkan verəcək. Biz inanırıq ki, Azərbaycan bu gün dünya üçün əhəmiyyətli enerji istehsalçısıdır və ABŞ bu münasibətlərdən əhəmiyyətli dərəcədə faydalanır. Biz bu əməkdaşlığın qarşıdakı illərdə əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyirik", - deyə o bildirib.