Bakı.Trend:
Neft-qaz sənayesi qəza və yanğınlardan yaranan zərərlərin azaldılması məqsədilə intellektual yanğın təhlükəsizliyi sistemlərinin tətbiqini sürətləndirir.
Trend xəbər verir ki, bunu "Vimal Fire Controls Pvt. Ltd."şirkətinin Satış və Marketinq direktoru Falqun Doşi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində təşkil olunan panel sessiyada bildirib.
Onun sözlərinə görə, ənənəvi yanğından mühafizə üsulları tədricən yanğınların daha sürətli aşkarlanmasına və fövqəladə hallara operativ reaksiya verilməsinə imkan yaradan müasir avtomatlaşdırılmış həllərlə əvəz olunur.
“Bu gün sənaye hidrantlar, su monitorları və əl ilə söndürmə vasitələrindən avtomatik yanğın aşkarlama sistemlərinə, intellektual yanğınsöndürmə texnologiyalarına, uzaqdan idarəetməyə, termovizor monitorinqinə və pilotsuz müşahidə vasitələrinə keçid edir”, – deyə o bildirib.
Doşi vurğulayıb ki, yeni texnologiyaların tətbiqində əsas məqsəd yanğının aşkarlanma müddətini azaltmaq, reaksiya sürətini artırmaq və obyektlərə, eləcə də ətraf mühitə dəyən zərəri minimuma endirməkdir.
Onun sözlərinə görə, Mayeləşdirilmiş Təbii Qaz (LNG) terminalları, neft-kimya kompleksləri, dəniz platformaları, rezervuar parkları və neft bazaları daxil olmaqla neft-qaz obyektləri enerji infrastrukturunun yanğınlara qarşı ən həssas elementləri olaraq qalır.