Bakı.Trend:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 3-dən etibarən Ermənistandan tumlu meyvələrin, badımcanın, kartofun və quru meyvələrin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Trend Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bundan əlavə, bu məhsulların Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlərə tranziti də qadağan edilir. Bu qərar həmin dövlətlər tərəfindən karantin nəzarətinə aid məhsulların qəbulunu təsdiqləyən mexanizmlərin olmaması ilə əlaqədardır.
Məhdudiyyətlər göndərilən məhsulların təhlükəsizliyinin təmin olunmasına dair müvafiq alqoritm hazırlanıb razılaşdırılanadək qüvvədə qalacaq.
Xatırladaq ki, bundan əvvəl , mayın 30-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan bəzi giləmeyvə növləri və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Məhdudiyyətlər siyahısına pomidor, xiyar, bibər, yaşıl göyərtilər və çiyələk daxildir.