Bakı.Trend:
Tarixi məlumatların rəqəmsallaşdırılması Azərbaycanın uzun müddət istismarda olmuş neft-qaz yataqlarının gizli potensialını üzə çıxarmağa və onilliklər boyu diqqətdən kənarda qalan imkanları aşkar etməyə şərait yaradır.
Bunu Trend-ə "Bahar Energy Operating Company" şirkətinin performans və texnologiyalar departamentinin direktoru Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, köhnə yataqlarda müasir rəqəmsal həllərin tətbiqi yeni layihələrlə müqayisədə daha çox vaxt tələb edir, çünki tarixi məlumatların əhəmiyyətli hissəsi hələ də kağız daşıyıcılarda saxlanılır.
“Bir çox məlumat rəqəmsallaşdırılmamışdı və kağız daşıyıcılarda arxivlərdə saxlanılırdı. Buna görə də ilk mərhələ onların rəqəmsal formata keçirilməsidir ki, bu da özlüyündə müəyyən vaxt və resurs tələb edir”, – deyə o bildirib.
Orxan Hüseynov vurğulayıb ki, rəqəmsallaşdırıldıqdan sonra məlumatlar vahid sistemə inteqrasiya edilir və burada müasir analitik alətlər vasitəsilə emal oluna bilir.
“Məlumatların emalı zamanı operatorlar əvvəllər diqqət yetirmədikləri məqamları aşkar etməyə başlayırlar. Söhbət 10, 15, hətta 30 il ərzində nəzərdən qaçan proseslərdən və qanunauyğunluqlardan gedir”, – deyə o qeyd edib.
Departament direktorunun sözlərinə görə, müasir texnologiyalar tarixi məlumatlara yeni baxış formalaşdırmağa və artıq mövcud olan informasiyadan əlavə dəyər əldə etməyə imkan verir.
O bildirib ki, bu prosesdə məlumatların uyğunluğunu və sonrakı istifadəsinin effektivliyini təmin edən vahid standartlar, rəqəmsal alətlər və sertifikatlaşdırılmış həllər mühüm rol oynayır.
“Rəqəmsallaşdırılmış məlumatlar rəqəmsal kitabxananın bir hissəsinə çevrilir. Sonradan onlara sürətlə qayıtmaq, yeni layihələrdə istifadə etmək, tarixi göstəriciləri təhlil etmək və nəticələri məlumatların yenidən axtarılması və emalına ehtiyac qalmadan müqayisə etmək mümkündür”, – deyə Orxan Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsallaşdırma mütəxəssislərin əvvəllər məlumatların axtarışı və əl ilə emalına sərf etdikləri vaxtı əhəmiyyətli dərəcədə azaldır.