Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq. Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun texniki gücü ildə 5 milyon tondur. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolunun 9 ildən sonra fəaliyyətə başlaması iqtisadiyyat üçün nə vəd edir?
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı faktiki olaraq Azərbaycanın istehsal etdiyi məhsulların daşınmasına, eyni zamanda ölkə üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq:
“Bütövlükdə nəqliyyat və logistika region ölkələri, xüsusilə də Azərbaycanın dövlət gəlirlərində xüsusi paya malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı da faktiki olaraq Azərbaycanın istehsal etdiyi məhsulların sözügedən dəmir yolu ilə daha çox daşınmasına, eyni zamanda ölkə üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunun uzun müddət əvvəl istifadəyə verilməsinə baxmayaraq, onun ötürmə qabiliyyətinin artırılması hər zaman vacib məsələlərdən biridir. Son illər bu istiqamətdə aparılan işlər Bakı-Tbilisi-Qars dəmir yolunun yeni imkanlarla istifadəsinə şərait yaradacaq. O kontekstdən bu, birmənalı şəkildə Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, dəmir yolu nəqliyyatının Azərbaycan iqtisadiyyatında payının artması müşahidə edilir. Bu da birmənalı şəkildə bu sektorun iqtisadiyyatımıza töhfəsindən xəbər verir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı baxımından vacib və əlamətdar hadisədir”.