Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubionun Ermənistana planlaşdırılan səfəri, Vaşinqton-İrəvan xəttində son dövrlər müşahidə olunan fəallıq və Avropanın Ermənistana nümayişkaranə dəstəyi regionda yeni geosiyasi mənzərə yaratmağa hesablanıb. Lakin proseslərin mahiyyətinə diqqətlə baxdıqda ortaya çıxan əsas məqam ondan ibarətdir ki, Ermənistan yenə də tarixi siyasi ənənəsinə sadiq qalaraq bir güc mərkəzindən digərinə doğru istiqamət dəyişir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili vurğulayıb ki, bu, ilk dəfə baş vermir və erməni siyasi davranışının xarakterik xüsusiyyətlərindən biri hesab olunur:
“Bu gün İrəvan Qərbə inteqrasiya görüntüsü yaratmağa çalışır, ABŞ ilə münasibətləri xüsusi mərhələyə keçirmək üçün addımlar atır, Avropa institutlarının siyasi himayəsindən maksimum yararlanmağa cəhd edir. Hətta Ermənistan rəhbərliyinin ABŞ prezidenti ilə yazışmaları, Vaşinqtondan gələn siyasi mesajlar və Avropa dairələrinin İrəvana verdiyi açıq dəstək də bu xəttin davamı kimi təqdim olunur. Ancaq burada diqqətdən yayınmayan mühüm məqam var: Ermənistan uzun illər ərzində öz təhlükəsizliyini və mövcudluğunu məhz Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi hesabına qoruyub saxlayıb”.
Deputat bildirib ki, bu gün isə eyni Ermənistan Qərbə yaxınlaşmaq naminə Moskvanı arxa plana keçirməyə çalışır. Halbuki Rusiya hələ də Ermənistan üçün həyati əhəmiyyət daşıyan əsas faktorlardan biridir:
“Ermənistan iqtisadiyyatının strateji sahələri uzun illərdir, Rusiya ilə bağlıdır. “Qazprom”un Ermənistana verdiyi qaz ölkənin enerji təhlükəsizliyində əsas rol oynayır. Moskva istəsə, qaz təchizatını dayandıra və ya qiymətləri ciddi şəkildə artıra bilər. “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti də Rusiyanın texniki dəstəyi olmadan çətin vəziyyətə düşər. Ermənistanda mis və qızıl sənayesində fəaliyyət göstərən Rusiya şirkətlərinin geri çəkilməsi iqtisadiyyata ağır zərbə vura bilər. Bununla yanaşı, Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılması, Gümrüdə yerləşən 102 saylı hərbi bazada genişmiqyaslı təlimlərin keçirilməsi, Ermənistan mallarına embarqo tətbiqi və ya Rusiyadan göndərilən pul köçürmələrinin məhdudlaşdırılması İrəvan üçün ciddi nəticələr doğura bilər. Ancaq Moskva indiyə qədər bu imkanlardan tam şəkildə istifadə etmir. Bu isə bir daha göstərir ki, Rusiya bütün narazılıqlara baxmayaraq, regionda balansın tam pozulmasını istəmir”.
V.İskəndərovun sözlərinə görə, Ermənistan yenə də ənənəvi siyasi xəttini davam etdirir, hansı güc mərkəzini daha perspektivli görürsə, ona yaxınlaşmağa çalışır.
“Tarix boyu fərqli dövlətlərin himayəsi altında fəaliyyət göstərən erməni siyasəti bu gün də dəyişməyib. Ancaq regionda reallıq artıq tamamilə fərqlidir. Azərbaycan öz gücünə əsaslanan müstəqil siyasət yürüdür və Cənubi Qafqazda yeni siyasi düzənin əsas müəllifi kimi çıxış edir. Xarici güclərin dəstəyi ilə balans yaratmağa çalışan Ermənistan isə hələ də geosiyasi himayədar axtarışından qurtula bilmir”, - deyə o sözlərinə yekun vurub.