Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağını, 2027–2031-ci illərdə isə artımın hər il 2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.
Trend xəbər verir ki, BVF-nin proqnozlarına əsasən, ölkənin neft və qaz hasilatı və emalını əhatə edən neft sektoru 2026-cı ildə 2 faiz azalacaq. Sonrakı dövrdə isə azalma tempi 2027–2031-ci illərdə hər il 0,5 faizə qədər zəifləyəcək.
Eyni zamanda, BVF qeyri-neft ÜDM-inin 2026-cı ildə 3,7 faiz, 2027-ci ildə isə 3,8 faiz artacağını, daha sonra 2028–2031-ci illərdə hər il 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
BVF yaxın illərdə Azərbaycanın nominal ÜDM-ində davamlı artım da proqnozlaşdırır. Gözlənilir ki, nominal ÜDM 2026-cı ildə 78,372 milyard dollar təşkil edəcək, 2027-ci ildə 83,060 milyard dollara, 2028-ci ildə 88,175 milyard dollara, 2029-cu ildə 93,718 milyard dollara və 2030-cu ildə 99,600 milyard dollara yüksələcək, 2031-ci ildə isə 105,923 milyard dollara çatacaq.
“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə əsaslı şəkildə diqqət yetirir, çünki karbohidrogen hasilatının azalması iqtisadi perspektivlərə təzyiq göstərir. Gözlənilir ki, karbohidrogen sektorunda davam edən zəiflik və qeyri-neft ÜDM artımının müəyyən qədər sürətlənməsi fonunda iqtisadi artım 2026-cı ildə yalnız cüzi şəkildə sürətlənəcək. Neft hasilatının azalmasının orta müddətli perspektivdə ümumi iqtisadi artımın təxminən 2,5 faizə qədər yavaşlamasına səbəb olacağı gözlənilir”, – deyə BVF-də bildirilib.