Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən dövlət katibinin bəyanatında bildirilib.
“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Ötən il ərzində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Bu prosesin kulminasiya nöqtəsi ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu. Biz regional əlaqələrin genişləndirilməsi, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə tərəfdaşlığımızı daha da möhkəmləndirməyi gözləyirik.
ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışlayır və bu istiqamətdə birgə işi davam etdirməyə ümid edir. Qarşıdakı ildə və sonrakı dövrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”, - bəyanatda deyilir.