Bakı. Trend:
Avropada son günlər müşahidə olunan qeyri-adi isti hava şəraitinin başlıca səbəbi fosil yanacaqlardan intensiv istifadə hesab olunur.
Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil danışıb.
O bildirib ki, problemin əsas mənbəyi neft, qaz və digər fosil yanacaqların yandırılması, eləcə də meşələrin kütləvi şəkildə məhv edilməsidir.
Saymon Stil vurğulayıb ki, hazırda yaşanan istilər iqlim böhranının yaratdığı təhlükələrin ciddi siqnalıdır.
Hazırda Fransanın bir sıra bölgələrində havanın temperaturu 30-35 dərəcə arasında dəyişir, bəzi ərazilərdə isə 39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
İspaniyada da temperatur 30 dərəcəni ötüb, bəzi bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb.
Portuqaliyanın əksər hissəsində “sarı” təhlükə xəbərdarlığı elan edilib. Sinoptiklərin proqnozuna əsasən, temperaturun 38 dərəcəyə çatacağı gözlənilir.
Böyük Britaniyada isə may ayı üzrə yeni temperatur rekordu qeydə alınıb — 35,1 dərəcə. Bundan əvvəl Londonda may ayı üçün ən yüksək göstərici 1922-ci ildə qeydə alınmış 32,8 dərəcə olmuşdu.