Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Hindistan Prezidenti Draupadi Murmu ölkə başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Modern.az xəbər verir ki, Yunanıstan hökumət başçısının təbrikində deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.
Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Hindistan Prezidenti Draupadi Murmunun İlham Əliyevə təbrik məktubunda isə deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.
Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.
Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - məktubda bildirilib.