Bakı. Trend:
Bu il Azərbaycanda Qurban bayramı mayın 27-nə təsadüf edir.
Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanası tərəfindən aparılan hesablamalara əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə düşür.
Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul etdiyi yekdil fətva ilə də bayram günü kimi 27 may tarixi təsdiqlənib.
Şəriət qaydalarına əsasən, qurban kəsimi mayın 27-dən başlayaraq üç gün davam edə bilər. Həmin gün ölkənin məscidlərində bayram namazları qılınacaq.
Bayram namazı Əjdər bəy məscidində saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.
Qurbanlıq seçərkən heyvanın sağlam olmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.
Qurban əti əsasən ehtiyaclı şəxslərə, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara pay vermək də savab əməllərdən hesab olunur. İnsan öz qurbanından da yeyə bilər.
Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.
Qurban bayramının mübarək!