Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 245,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 433,1 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla məlumat verir.
Məlumata görə, bu göstərici illik ifadədə dəyər baxımından 59 milyon ABŞ dolları və ya 19,4 faiz, həcm baxımından isə 125, 6 min ton və ya 22,5 faiz azdır.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,8 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövründə Çexiya Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında üçüncü yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.