Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı ilə buradan tanış olun) 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.