Bu fotodakı avtomobil Azərbaycan poeziyasının ustadlarından olan mərhum Xalq şairi Səməd Vurğunla bağlı xatirələrin səssiz şahididir. Uzun illər əvvəl bu avtomobil şairin gündəlik həyatının bir hissəsi olub. Böyük şairdən yadigar qalan "Pobeda" QAZ-M-20 markalı bu avtomobilin maraqlı hekayəsi var. Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə Səməd Vurğunun maşınından bəhs edir. 1950-ci illərin əvvəllərindən Səməd Vurğuna xidmət edən maşının tarixçəsini mərhum şairin qohumu, tanınmış hüquqşünas Səməd Vəkilov danışıb. Onun sözlərinə görə, Səməd Vurğun bu avtomobili uzun müddət idarə edib. Bununla yanaşı, onun xüsusi sürücüsü də olub. Aleksey adlı həmin sürücü bir müddət “Pobeda" QAZ-M-20 markalı avtomobillə Səməd Vurğunu gəzdirib. Xalq şair dünyasını dəyişməzdən (1956) təxminən bir il əvvəl avtomobili Gürcüstanda yaşayan xalası oğlu Hüseynəli Bayramova hədiyyə edib. Mərhum Hüseynəli Bayramov avtomobili özünün yaşadığı Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə aparıb. Beləcə, “Pobeda" QAZ-M-20 illərlə doğma Azərbaycandan uzaqda qalıb.
Nəhayət 2017-ci ildə Səməd Vurğunun gəlini - Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova şairin avtomobilinin Azərbaycana qaytarılması təşəbbüsü ilə çıxış edib Xalq şairinin qohumu Səməd Vəkilov:
2017-ci ildə avtomobilin Azərbaycana gətirilməsi mümkün olmadı. Bu, həmin vaxt onun tamamilə yararsız vəziyyətdə olması səbəbindən baş tutmadı. Sonradan hörmətli akademik Hafiz Paşayevin, iş adamı Məmməd Musayevin, Aqşin Ziyadovun və başqa şəxslərin, o cümlədən dövlət qurumlarımızın dəstəyi ilə maşını Azərbaycana gətirmək mümkün oldu”. Azərbaycana gətirilərkən istifadəyə yararsız vəziyyətdə olan “Pobeda" illərin yorğunluğunu öz gövdəsində, detallarda və səssizliyində hiss etdirirmiş.
Bu xəbər ilə bağlı Bir şəklin tarixçəsi - Səməd Vurğunun qeyri-adi DƏFNİ Xəbəri oxu



