Bakı. Trend:
Hər bir qadın fizioloji hamiləlik zamanı yalnız normal doğuş barədə düşünməli və ona hazırlaşmalıdır, çünki bu, aksiomadır – normal hamiləlik normal doğuşla nəticələnməlidir.
Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova açıqlayıb.
Onun sözlərinə görə, bəzi situasiyalarda normal gedişat patologiyaya çevrilir və artıq burada həm həkim, həm də hamilə qadın hər bir riski düşünüb qərar verməlidir:
“Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının payı artaraq, təxminən 20-25%-ə çatıb. Bu göstərici bəzi ölkələrdə 50%-dən yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu göstərici 10-15%-dən yuxarı olmamalıdır. Məlumdur ki, qeysəriyyə kəsiyinə xüsusi göstərişlər olmalıdır və əməliyyat həkim konsiliumun qərarı ilə aparılır. Bəzən elə təcili situasiya olur ki, həkim təkbaşına (anestezioloq və digər cərrah ilə) bu qərarı verməli olur, lakin tibbi sənədləşdirmədə bu qərar öz izahını mütləq tapmalıdır. Məsələn, kəskin qanaxma, ciftin erkən ayrılması, köndələn vəziyyət, kliniki dar çanaq, uşaqlıqda çapıq (əsasən yararsız), miomalar, şişlər, dölün doğuş zamanı hipoksiyası, doğuş fəaliyyətinin zəifliyi, sağrı gəlişi, ağır ekstragenital xəstəliklər, ağır preeklampsiya (eklampsiya), EKM ilə hamiləlik, qadının yaşı və uzun müddət sonsuzluğun olması, ağır vaginizm (psixoloji pozulmalarla) və s. kimi hallarda bu qərar verilir”.
Mütəxəssis-ekspert qeyd edib ki, qadınların cərrahi doğuşa meylliyinin bir səbəbi də son zamanlar sosial mediada yayılan saxta məlumatlardır:
“Onlar qadınlarda normal doğuşdan qorxma və qaçma meyilini artırır, qadının özünə güvənini azaldır. Bəzən hətta qeysəriyyə kəsiyi ilə yanaşı plastik əməliyyatlar da həkim-ginekoloq tərəfindən aparılır (abdominoplastika, vaginoplastika, hətta mammoplastika) və bu tamamilə yanlış yanaşma olduğundan ciddi fəsadlar yarada bilər. Ən əsası, qadını psixoloji cəhətdən düzgün hazırlamaq lazımdır. “Ağrısız doğuş” anlayışı var, “epidural” anesteziya ilə ağrıların azalmasına nail olduqda doğuş da daha rahat keçir. Bəzi hallarda isə öncədən bir psixoloqun da yardımı vacib olur. Əsasən də qeyd etmək istəyirəm ki, dünyada ana ölümlərinin və ağırlaşmaların statistikasında qeysəriyyə kəsiyi üstünlük təşkil edir. Ona görə də seçim və qərar tək qadının deyil – bütün hamiləlik (doğuş) zamanı ona nəzarət edən həkimlərin (tibbi personalın) konsilium qərarına əsaslanmalıdır”.