Bakı.Trend:
Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfər həyata keçiriləcək. Sərnişinlərin rahat və problemsiz səfərinin təmin olunması məqsədilə vacib sənəd tələbləri açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, qatara minik zamanı biletlə yanaşı bir sıra sənədlərin təqdim olunması mütləqdir. Belə ki, sərnişinlər pasportun əslini təqdim etməlidirlər. Qeyd olunub ki, “mygov” platformasından əldə edilmiş rəqəmsal pasport versiyası keçərli hesab edilmir.
Həmçinin Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortasının olması vacibdir. 5 yaşadək uşaqlarla səfər edən şəxslər isə uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər.
Qaydalara əsasən, bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
Sərnişinlərə qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri öncədən hazırlayıb özləri ilə götürmələri tövsiyə edilir.
Bakı-Tbilisi qatarının ilk reysinin bu gün gecə saat 23:10-da yola düşəcəyi bildirilib və sərnişinlərə uğurlu yol arzulanıb.