Bakı. Trend:
“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) proqramına qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib, seçim nəticəsində isə 35 nəfər iştirakçı qismində müəyyənləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) proqramının açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən proqramın əsas məqsədi yeni nəsil gənc liderlərin yetişdirilməsi, könüllülük sahəsində fəaliyyət göstərən gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi və onların potensialının üzə çıxarılmasıdır.
V.Əliyev qeyd edib ki, proqram çərçivəsində iştirakçılar üçün nəzəri və praktiki inkişaf imkanları yaradılacaq.
“Proqramın ümumi müddəti altı ay təşkil edir. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və sessiyalarda iştirak edəcəklər. Sonrakı üç ayda isə onlar təcrübə proqramlarına cəlb olunaraq əldə etdikləri bilik və bacarıqları praktik fəaliyyət zamanı tətbiq etmək imkanı qazanacaqlar.
Proqram könüllülük hərəkatında fəaliyyət göstərən gənclərin peşəkar inkişafına, liderlik keyfiyyətlərinin formalaşmasına və gələcəkdə yeni könüllü liderlərin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.
Proqrama marağın yüksək olması gənclərin könüllülük fəaliyyətinə və şəxsi inkişaf imkanlarına artan marağının göstəricisidir”.