Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) proqramının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev proqramın əsas məqsədinin yeni nəsil gənc liderlərin yetişdirilməsi, könüllülük sahəsində fəaliyyət göstərən gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi və onların potensialının üzə çıxarılması olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu və AKTİ tərəfindən həyata keçirilən proqram ümumilikdə altı ay davam edəcək. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və sessiyalarda iştirak edəcək, növbəti üç ayda isə təcrübə proqramlarına cəlb olunaraq əldə etdikləri bilik və bacarıqları praktik fəaliyyət zamanı tətbiq etmək imkanı qazanacaqlar.
Vüqar Əliyev qeyd edib ki, proqrama maraq kifayət qədər yüksək olub. Belə ki, qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib və seçim mərhələsinin nəticələrinə əsasən 35 nəfər proqram iştirakçısı kimi müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov isə bildirib ki, Azərbaycanda könüllü hərəkatı bu gün yalnız gənclərin ictimai və sosial fəallığının artırılması üçün deyil, həm də onların şəxsi inkişafı baxımından mühüm platformaya çevrilib.
O vurğulayıb ki, son illərdə ölkədə könüllülük fəaliyyətinin sistemli şəkildə inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin uğurla keçirilməsi könüllülərin rolunu daha da artırıb.
“Bir neçə gün əvvəl yekunlaşan beynəlxalq tədbir də göstərdi ki, könüllülərin təşəbbüskarlığı və liderlik bacarıqları olmadan bu cür tədbirlərin yüksək səviyyədə təşkili mümkün deyil. Könüllülərimizin fəaliyyəti ölkəmiz üçün böyük əhəmiyyət daşıyır və onların inkişafına yönələn layihələr daim dəstəklənir”, – deyə Nail Şükürov bildirib.
O əlavə edib ki, artıq 15 ildir fəaliyyət göstərən Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biri istedadlı, təşəbbüskar və fəal gənclərin aşkara çıxarılması, onların potensialının inkişaf etdirilməsidir. Bu məqsədlə müxtəlif qrant proqramları və layihələr vasitəsilə gənclərin və gənclər təşkilatlarının fəaliyyətinə dəstək göstərilir.
Rəsmi çıxışlar zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov da proqramın əhəmiyyətindən danışaraq bildirib ki, bu kimi təşəbbüslər könüllü gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynayır, onların liderlik bacarıqlarının formalaşmasına, ictimai fəallığının artmasına və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verir.
Tədbir çərçivəsində “KLİK” proqramının təqdimat videoçarxı nümayiş etdirilib, həmçinin “KLİK iştirakçılarının proqramla bağlı təəssüratları” adlı videoçarx təqdim olunub.
Daha sonra proqram iştirakçıları Təranə Şahbazova və Elşən Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” proqramı könüllülük fəaliyyətinin inkişafına, gənclərin liderlik potensialının gücləndirilməsinə və ölkədə yeni könüllü liderlər nəslinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.











