Bakı. Trend:
“Süni İntellekt və kiçik dövlətlərin strateji seçimləri" mövzusunda 3 gün davam edən UNEC VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (İSCEMR) öz işini bitirdi.
İstər bütövlükdə, istərsə də konkret sahələrdə Süni İntellektin (Sİ) tətbiqi ilə bağlı kiçik dövlətlərin özəllikləri və fərqli yanaşmaları əsas müzakirə predmeti oldu. Bu istiqamətdə səsləndirilən iki ümumiləşdirilmiş fikri bölüşməkdə fayda olduğunu düşündük:
1. Sİ sahəsində böyük dövlətlərlə yeni texnologiyalar yaratmaq yarışına çıxmaq, yoxsa ən yeni texnologiyaların səmərəli tətbiqinin prioritetliyini təmin etmək arasında seçim etmək kiçik dövlətlər üçün xüsusi önəm kəsb edir. Kiçik dövlətlər üçün müasir xarici texnologiyaları “kopyalamaq” və ya öz modelini yaratmaq arasında seçim əsas məsələ deyil. Konfransda Sİ texnologiyalarını ciddi öyrənmək və onu yerli reallığa uyğunlaşdırmaqla yerli problemlərin həllinə yönəltmək ən doğru seçim kimi səsləndirildi. Həm də qeyd edildi ki, kiçik ölkələr üçün Sİ-lə bağlı texnologiyalardan daha vacibi bu sahədə dəyişikliklərin istiqamətinin və yeniliklərin məntiqinin öyrənilməsi daha əhəmiyyətlidir. Eləcə də, vacib məsələlərdən biri kimi, həm də kiçik dövlətlər üçün prioritetlərin çox deyil, məhdud sayda müəyyən edilməsinin önəmi vurğulandı.
2. Təhsildə Sİ rolu haqqında çox geniş müzakirələr aparıldı. Bununla bağlı əsas və ən vacib məsələ kimi bildirildi ki, Sİ təhsil prosesinə elə inteqrasiya edilmədir ki, o, koqnitiv inkişafı gücləndirsin. Təhsildə texnologiyalardan əvvəl müəllimlərə investisiya yatırılmasının daha doğru olduğu qeyd edildi. Kiçik ölkələrdə ana dilində məlumat bazalarının və təhsil kontentinin yaradılmasının əhəmiyyəti önə çəkildi . Başqa dövlətlərin təhsil sistemini "kopyalamağa" da ehtiyac olmadığı vurğulandı. Süni İntellekt dövründə daha vacibi təhsilə yanaşmanı dəyişmək və Sİ-i təhsildə köməkçi alətə çevirmək məqsədinin doğru olduğu deyildi. Eləcə də, Süni İntellektin müəllimi əvəz etməsinə hədəflənməyən və müəllimin yeni rolunun gücləndirilməsini ehtiva edən, milli insan potensialını gücləndirdiyi milli təhsil modelinin formalaşdırılması əsas vəzifə kimi vurğulandı. Sİ sahəsində ən çox eşidilən "mütəxəssis yoxdur, ya da çox azdır" fikrinə münasibət və Sİ sahəsində mütəxəssis hazırlığına yanaşma yuxarıda qeyd edilən və bu kimi digər suallara aydınlıq gətirildikdən sonra formalaşa bilər.
Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, əsas resurs artıq neft deyil, insan kapitalının keyfiyyətidir. Süni İntellekt dövründə məhz burada kiçik dövlətlər üçün tarixi fürsət yaranır. Bu baxımdan Sİ sahəsində qlobal texnologiyaları ciddi öyrənmək və yerli həllərdə istifadə etməyə hədəflənmək faydalıdır. Beləliklə, ümumi fikir ondan ibarət oldu ki, kiçik ölkələr də Sİ sahəsində böyük uğurlara imza ata bilərlər və onlar hətta bir sıra üstünlüklərə, o cümlədən çeviklik, sürətli qərarvermə və təhsil sistemində daha operativ islahat aparmaq imkanına malikdirlər. Əsas məsələ yanaşmanın doğru müəyyən edilməsindən asılıdır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2026-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” Azərbaycanın mövcud üstünlükləri və özəlliklərini ehtiva edir və Sİ sahəsində Azərbaycanda uğura zəmanət verir.
Ədalət Muradov, UNEC-in rektoru, professor.