Bakı. Trend:
Təcrübə göstərir ki, İran ABŞ ilə müzakirələrdə tam şəkildə diqqətli olmalıdır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşdə deyib.
Onun sözlərinə görə, müharibə heç vaxt heç bir tərəf üçün mənfəət gətirməyib.
“ABŞ bu müharibədə qalib gələ bilməyəcək. Region və dünya ölkələri bu müharibədən ciddi xəsarətlərlə üzləşə bilərlər”, - deyə o qeyd edib.
Görüşdə Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir də bildirib ki, xoşbəxtlikdən ABŞ və İran arasında müzakirələr prosesi yaxşı formada irəliləməkdədir. Pakistan sadəcə regionda qarşıdurma və müharibənin təkrarlanması və davam etməsinin qarşısını almaq və sabitliyin bərpa olunması məqsədini izləyir.
Munir qeyd edib ki, hazırda davam edən müzakirələrin İran və bütün ölkələrin xeyrinə tez bir zamanda nəticəyə çatacağına ümid edilir.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.