17 may 2026-cı il, saat 11:58…
Bakı səhərini yağışlı bir günlə açsa da, buna baxmayaraq, şəhərdə böyük hərəkətlilik, aktivlik hiss olunurdu. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar, jurnalistlər, ekspertlər və könüllülər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının - WUF13-ün keçiriləcəyi məkana - Bakı Olimpiya Stadionuna doğru üz tuturdular.
İştirakçıların rahat gediş-gəlişi üçün ayrılmış avtobuslarla Bakı Olimpiya Stadionuna çatanda ilk diqqətimi çəkən məqamlardan biri könüllülər oldu. Onlar səhərin erkən saatlarından etibarən girişdə dayanıb gülərüzlə insanları qarşılayır, istiqamət göstərir, səmimi ünsiyyət qurmağa çalışırdılar. Forumun ilk günündən son günədək onların münasibətində eyni səmimiyyət, simalarında eyni təbəssüm hiss olunurdu.
Hər səhər “xoş gəlmisiniz”, günün sonunda isə "hələlik", “sabah görüşənədək” sözlərini eyni həvəslə demələri isə bir başqa aləm idi. Mən hələ onların xarici qonaqlarla ünsiyyət qurmaq, onlara kömək etmək üçün göstərdikləri cəhdləri, həvəsi demirəm... Bilirsiniz, onların hər biri gənc idi. Amma gənc olmalarına baxmayaraq, xarici qonaqlarla o qədər peşəkar səviyyədə ünsiyyət qururdular ki, sanki illərin təcrübəli kadrları, mütəxəssisləri idilər. Azərbaycan gənclərini belə istedadlı, ünsiyyətcil, qonaqpərvər görmək isə insanda qürur və fəxr hissi yaradırdı.
İçəri daxil olduqdan sonra artıq forumun əsas iş prosesi başlayırdı. Əllərində mikrofon canlı yayıma hazırlaşan jurnalistlər, süjet hazırlayan media nümayəndələri, müxtəlif ölkələrdən gələn televiziya komandaları demək olar ki, aktiv hərəkətdə idi. MediaHub isə jurnalistlərin əsas toplandığı məkanlardan birinə çevrilmişdi. Onların içərisində mənim də uzun müddət görmədiyim həmkarlarım var idi. Forum həm də media nümayəndələri üçün daha sıx kommunikasiya platformasına çevrildi. Əminəm ki, hər kəs bu forum, yüzlərlə panel sessiya, eləcə də dəyirmi masalar sayəsində yeni-yeni tanışlıqlar, dostluqlar qazandı.
Media nümayəndələri üçün ayrılmış bu otaqda həm yerli, həm də xarici media nümayəndələri arasında maraqlı, interaktiv müzakirələr gedirdi. Hansı panelin daha vacib olduğu, hansı çıxışların gündəm yaradacağı, gün ərzində keçiriləcək tədbirlər müzakirə olunurdu. Mən deyərdim ki, burada ümumi atmosfer informasiya rəqabətindən daha çox həmrəylik üzərində qurulmuşdu.
İlk günün proqramı çox geniş olmasa da, günorta saatlarında Azərbaycan və BMT bayraqlarının rəsmi qaldırılması mərasimi keçirildi. Yağışlı hava forumun, işin gedişatına mane olmur, əsinə, yerli və xarici qonaqların marağı və iştirakçı sayı tədbirin əhəmiyyətini bir daha aydın nümayiş etdirirdi.
Müxtəlif sessiyalarda qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişiklikləri, dayanıqlı urbanizasiya, şəhər idarəçiliyində yeni texnologiyaların tətbiqi kimi mövzular müzakirə olundu. Paralel şəkildə yüzlərlə panel, dəyirmi masa və yüksək səviyyəli görüşlər keçirildi. Əsas müzakirələr qlobal mənzil böhranı, təhlükəsiz şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlı urbanizasiya və sosial bərabərlik mövzuları ətrafında aparılırdı.
Müxtəlif ölkələrdən gələn nümayəndələr öz şəhərlərində qarşılaşdıqları problemlərdən danışır, həll yollarını bölüşürdülər. Xüsusilə “hamı üçün mənzil” məsələsi forumun ən çox toxunulan mövzularından biri idi.
Xüsusilə XIX əsrə aid Lahıc, Naxçıvan və Azərbaycanın müxtəlif bölgələrini əks etdirən kişi və qadın geyimləri forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanırdı. Milli ornamentlərlə bəzədilmiş geyimlər, qədim zərgərlik elementləri və xalça nümunələri Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirirdi. Gün ərzində bu pavilyonların önündə dayanıb şəkil çəkdirən, təqdim olunan məlumatlarla tanış olan xarici qonaqlara tez-tez rast gəlmək mümkün idi.
Pavilyonların dizaynında da şəhərsalma və milli memarlıq elementlərinin sintezi hiss olunurdu. Divarlarda istifadə olunan naxışlar, dekorativ keçidlər və sərgi guşələrinin quruluşu forumun ümumi konsepsiyasına uyğun hazırlanmışdı.
Forumun son günü artıq fərqli ab-hava hiss olunurdu. Altı gün ərzində fasiləsiz, yorulmadan çalışan jurnalistlər son reportajlarını hazırlayır, könüllülər isə iştirakçıları son dəfə qarşılayırdılar.
WUF13 altı gün ərzində Bakını dünyanın müxtəlif ölkələrindən gələn minlərlə insanın görüş nöqtəsinə çevirdi. Forum boyunca şəhərlərin gələcəyi, mənzil məsələləri, urbanizasiya və dayanıqlı inkişafla bağlı mühüm müzakirələr aparıldı. Bununla yanaşı, tədbir Azərbaycanın qlobal foruma ev sahibliyi imkanlarını, əvəzolunmaz şəhərsalma təcrübəsini və zəngin mədəniyyətini beynəlxalq aləmə nümayiş etdirdi.