Bakı. Trend:
Dünya Şəhər Forumu (WUF) Yeni Şəhər Gündəliyinin icrasının monitorinqi üçün əsas platformaya çevrilməlidir.
Trend-in verdiyi məlumata görə, bu, xüsusilə Dünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış"da qeyd olunub.
Sənəddə qeyd olunur ki, mənzil sahəsində öhdəliklər yetərsizdir, zəif koordinasiya, məhdud imkanlar və səmərəsiz sistemlər səbəbindən onların icrası gecikir.
"Biz aydın icra mexanizmləri, ölçülə bilən hədəflər və effektiv monitorinq və hesabat sistemləri ilə milli mənzil strategiyalarının həyata keçirilməsini, eləcə də institusional potensialı gücləndirən təhsil, təlim və peşəkar inkişafa davamlı investisiyaların qoyulmasını tələb edirik. Biz vətəndaş cəmiyyətini, yerli, regional və milli hökumətləri tərəfdaşlıqlar, güclü milli Habitat forumları və potensialı artırmaq, koordinasiyanı gücləndirmək, uğurlu təcrübələri sənədləşdirmək və irəliləyişi izləmək üçün birgə komitələr qurmağa təşviq edirik. Qlobal səviyyədə biz UN-Habitatı Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini izləmək və uğurlu mənzil təcrübələrini genişləndirmək üçün Dünya Şəhər Forumundan əsas platforma kimi istifadə etməyə çağırırıq", - deyə "Bakı Fəaliyyət Çağırış"da bildirilir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub.
Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo” sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin nümayəndələrini bir araya gətirib.
Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırışı” sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub. Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli idarəetmənin, investisiyaların və icmaların iştirakının gücləndirilməsinə çağırış edilir.