XXI əsrin yeni siyasi reallığında dövlətlərin qlobal nüfuzu onların yaratdığı ideyalar, təşəbbüs etdikləri humanitar platformalar, formalaşdırdıqları etimad mühiti və bəşəriyyət üçün təklif etdikləri inkişaf modelləri ilə müəyyənləşir. Məhz bu baxımdan, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın artıq regional çərçivələri aşan qlobal siyasi-humanitar güc mərkəzinə çevrildiyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Milli Məclisin deputatı bildirib ki, bu forumun Bakıda keçirilməsi təsadüfi seçim deyildi:
“Bu, Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində həyata keçirilən çoxşaxəli strateji siyasətin məntiqi nəticəsi, Azərbaycanın təhlükəsizlik, humanizm, inkişaf və sülh platformasına çevrilməsinin beynəlxalq təsdiqi idi. WUF13-ün digər analoji platformalardan əsas fərqi ondadır ki, Bakı Forumu urbanizasiya məsələlərini yalnız texniki və memarlıq aspektindən deyil, həm də insan təhlükəsizliyi, sosial ədalət, postmünaqişə bərpası, ekoloji dayanıqlılıq və humanitar inkişaf kontekstində təqdim etməyi və Forumun tarixində ilk dəfə olaraq şəhərsalma anlayışını geosiyasi humanizm modeli ilə birləşdirərək yeni yanaşma ortaya qoymağı bacardı”.
Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir idarəetmə layihələri WUF13 çərçivəsində yalnız texnoloji nümunə kimi deyil, həm də müharibədən çıxmış regionun sülh və inkişaf məkanına çevrilməsi modeli kimi təqdim olundu:
“Bu isə Azərbaycanın postmünaqişə reabilitasiyası sahəsində artıq beynəlxalq təcrübə formalaşdırdığını göstərir. Əslində, Prezident İlham Əliyevin siyasi liderliyinin əsas fərqləndirici xüsusiyyəti məhz gələcəyi əvvəlcədən görmək, prosesləri hadisələr baş verdikdən sonra deyil, onların yaranacağı istiqamətdə idarə etmək bacarığıdır. Azərbaycanın son iyirmi ildən artıq müddətdə keçdiyi inkişaf yolu bunu bütün çılpaqlığı ilə nümayiş etdirir”.
Onun sözlərinə görə, bir zamanlar regionun təhlükəsizlik riskləri ilə üz-üzə qalan, informasiya müharibələrinin hədəfində olan Azərbaycan bu gün beynəlxalq platformaların təşkil olunduğu, qlobal ideyaların müzakirə edildiyi, sivilizasiyalararası dialoqun aparıldığı mühüm geosiyasi mərkəzə çevrilib. Millət vəkili qeyd edib ki, bu transformasiyanın arxasında isə yalnız iqtisadi resurslar deyil, strateji düşüncə, siyasi iradə və uzaqgörən liderlik dayanır:
“Prezident İlham Əliyevin fəaliyyəti göstərdi ki, müasir dövrdə qalibiyyət yalnız döyüş meydanında əldə olunmur. Həqiqi qələbə dövlətin siyasi iradəsini beynəlxalq legitimliyə çevirmək, milli maraqları qlobal gündəliklə uzlaşdırmaq və xalqın milli birliyini təmin etmək bacarığıdır.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təkcə hərbi zəfər deyildi. Bu, həm də siyasi liderliyin, strateji səbrin, iqtisadi gücün, diplomatik çevikliyin və milli həmrəyliyin nəticəsi idi. Prezident İlham Əliyev illərlə davam edən təzyiqlərə, təhdidlərə, ikili standartlara və beynəlxalq manipulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan dövlətinin milli maraqlarını bir addım belə geri çəkilmədən müdafiə etməyi bacardı.
Bu gün WUF13 kimi beynəlxalq platformaların Bakıda keçirilməsi də məhz həmin qətiyyətli siyasətin davamıdır. Çünki qlobal etimad yalnız güclü dövlətlərə göstərilir. Güclü dövlət isə yalnız iqtisadi və hərbi resurslarla deyil, siyasi etibarlılığı, prinsipial mövqeyi və müstəqil siyasəti ilə formalaşır.
Prezident İlham Əliyevin liderliyində diqqət çəkən ən mühüm məqamlardan biri də humanizm prinsiplərini real siyasətin tərkib hissəsinə çevirməsidir. Müasir dünyada bir çox hallarda “humanizm”, “demokratiya”, “insan hüquqları” anlayışları geosiyasi təzyiq alətinə çevrildiyi halda, Azərbaycan bu prinsipləri praktik inkişaf modeli şəklində təqdim edir”.
Elçin Mirzəbəyli vurğulayıb ki, işğaldan azad edilmiş şəhərlərin və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, tarixi-mədəni irsin bərpası, dini abidələrin restavrasiyası və multikultural dəyərlərin qorunması humanizmin praktik ifadəsidir:
“WUF13 çərçivəsində də məhz bu yanaşma beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı. Azərbaycan bir daha nümayiş etdirdi ki, şəhərsalma yalnız binaların inşası deyil, insan ləyaqətinin bərpası, təhlükəsiz yaşayış mühitinin yaradılması və sosial ədalətin təmin olunmasıdır.
Prezident İlham Əliyevin siyasətinin əsas mahiyyətini təşkil edən mühüm amillərdən biri də sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılmasıdır. Azərbaycan öz tarixi Zəfərindən sonra regionda yeni qarşıdurma deyil, davamlı təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırmağa çalışdığını açıq şəkildə nümayiş etdirdi.
Bakıda keçirilən beynəlxalq tədbirlər – istər COP29, istər WUF13, istərsə də digər qlobal platformalar Azərbaycanın artıq yalnız enerji ixrac edən dövlət deyil, həm də beynəlxalq siyasi dialoq məkanı olduğunu göstərir. Bu isə Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu xarici siyasətin nəticəsidir”.
Deputat bildirib ki, bu siyasətin mühüm cəhətlərindən biri də Azərbaycanın heç bir güc mərkəzinin əlavəsinə çevrilməməsi, milli maraqları prioritet hesab etməsi və qlobal proseslərdə müstəqil aktor kimi çıxış etməsidir:
“Məhz buna görə də Azərbaycan həm Qlobal Cənub ölkələrinin, həm türk dünyasının, həm İslam coğrafiyasının, həm də fərqli siyasi sistemlərə malik dövlətlərin etimad göstərdiyi nadir ölkələrdən biridir. Prezident İlham Əliyevin liderlik modeli klassik dövlətçilik ənənələri ilə çağdaş geosiyasi düşüncənin sintezidir. Bu modeldə milli maraqlar, sosial ədalət, humanizm, siyasi realizm və strateji uzaqgörənlik bir-birini tamamlayır. Məhz buna görə də bu gün Azərbaycan yalnız qalib dövlət kimi deyil, həm də yeni beynəlxalq münasibətlər sistemində alternativ inkişaf və əməkdaşlıq modeli təqdim edən ölkə kimi qəbul olunur.
Tarix göstərir ki, böyük liderlər yalnız öz dövlətlərinin taleyini dəyişmirlər, yaşadıqları dövrün siyasi fəlsəfəsini də dəyişirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi yol da məhz belə bir tarixi dəyişikliklərin nümunəsidir”.
