Bakı. Trend:
Bakıdan verilən mesaj aydındır: artıq yalnız ambisiyalar dövrü başa çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qlobal şəhərsalma məsələlərinin müzakirəsi çərçivəsində Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Yaşayış Məntəqələri Paketi (4SR) praktik bərpa modeli kimi geniş dəstək qazanıb.
“Qarşıdakı onillik nəticələrin əldə olunmasına, hesabatlılığın təmin edilməsinə və insanların həyatında real dəyişikliklərin yaradılmasına həsr olunmalıdır. Dayanıqlı şəhər gələcəyi həmrəylik, əməkdaşlıq və ortaq məsuliyyət tələb edir. Bakıdan verilən mesaj aydındır: artıq yalnız ambisiyalar dövrü başa çatıb. Növbəti onillik hər kəs üçün adekvat mənzillərin, dayanıqlı icmaların və davamlı şəhər gələcəyinin təmin edilməsi ilə xarakterizə olunmalıdır. WUF13 proqramının miqyası və müxtəlifliyi şəhərsalma məsələlərinin qlobal əhəmiyyətinin getdikcə artdığını bir daha nümayiş etdirdi. Forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, assambleyalar və tərəfdaşların təşkil etdiyi tədbirlər daxil olmaqla 400-dən çox tədbir keçirildi. Əsas sessiyalarda 125 ölkədən 400 məruzəçi iştirak etdi".
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun əsas gücü onun inklüzivliyindədir:
"WUF şəhərlərin və icmaların gələcəyinin formalaşdırılmasında cəmiyyətin müxtəlif qruplarını bərabərhüquqlu tərəfdaşlar kimi bir araya gətirir. Bu baxımdan, WUF13-ün əsasən maraqlı tərəflərin təşəbbüsü ilə formalaşan forum olması bizi məmnun edir. İştirakın genişliyini əks etdirmək məqsədilə WUF13-ün əsas nəticələrindən biri olan Bakı Fəaliyyət Planının hazırlanmasına töhfə verən altı Məsləhətçi Şura fəaliyyət göstərib.
Forum tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu keçirildi. Təxminən 800 iştirakçını və 100-dən çox ölkəni bir araya gətirən bu platforma vətəndaş cəmiyyətinin, yerli icmaların və ictimai təşkilatların inklüziv, dayanıqlı və insan mərkəzli şəhər gələcəyinin formalaşdırılmasındakı mühüm rolunu ön plana çıxardı. QHT Forumu şəhər dayanıqlılığı və qlobal əməkdaşlığa dair Bakı Bəyannaməsini qəbul etdi. Bəyannamədə qlobal mənzil böhranı da daxil olmaqla müasir şəhər problemlərinin həllində həmrəyliyin, tərəfdaşlığın, beynəlxalq koordinasiyanın və daha inklüziv şəhər inkişafının əhəmiyyəti bir daha vurğulanıb.
WUF13-də tətbiq edilən ən mühüm yeniliklərdən biri Biznes və İnnovasiya Mərkəzinin yaradılması oldu. Bu platforma startapları, özəl sektor nümayəndələrini, investorları, innovatorları, hökumətləri və inkişaf tərəfdaşlarını dialoq və əməkdaşlıq üçün bir araya gətirdi. Özəl sektorun ümumi iştirakçıların 13 faizini təşkil etməsi onun dayanıqlı şəhər inkişafının təşviqində rolunun getdikcə artdığını göstərir.
WUF13-ün əsas xüsusiyyətlərindən biri də 34 min kvadratmetrdən çox ərazini əhatə edən Urban Expo sərgisi oldu. Ümumi sərgi sahəsi 10 min kvadratmetrdən artıq olan Expo Ümumdünya Şəhərsalma Forumuna qlobal marağın və iştirakın artdığını nümayiş etdirdi. Sərgidə 81 ölkədən 260 təşkilat 121 stend və pavilyonla təmsil olunub. İştirakçılar arasında hökumətlər, akademik qurumlar, vətəndaş cəmiyyəti təşkilatları, ictimai institutlar və özəl sektor nümayəndələri yer alıblar”, - deyə Anar Quliyev qeyd edib.