Bakı.Trend:
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (SGC) dayanıqlı maliyyə profilini qoruyub saxlayacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə “Moody’s” agentliyinin hesabatında qeyd olunub.
“Hesabatlılıq baxımından SGC-nin maliyyə profili yüksək gəlirlilik, sabit gəlirlər və orta səviyyəli investisiya ehtiyacları ilə dəstəklənir. İrihəcmli kapital layihələrinin böyük hissəsinin tamamlanmasından sonra kapital xərcləri əsasən SGC-nin payına təxminən 500 milyon dollar düşən "SD Compression" layihəsi, eləcə də müntəzəm texniki xidmət xərcləri ilə məhdudlaşır”, — deyə agentliyin hesabatında bildirilir.
Agentlik qeyd edir ki, sabit sərbəst pul axını və borc yükünün əhəmiyyətli dərəcədə azalması, o cümlədən 2026-cı ilin martında 2 milyard dollar məbləğində avroistiqrazların ödənilməsi, onsuz da stabil olan kredit göstəricilərinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına gətirib çıxarıb.
“Moody’s” analitikləri bildirirlər ki, perspektivdə SGC-nin əsas boru kəməri aktivlərinin genişləndirilməsi mümkün olsa da, orta müddətli dövrdə belə layihələr hələ planlaşdırılmır və əhəmiyyətli həcmdə yeni borc maliyyələşdirilməsi gözlənilmir.
“Genişlənmə planları ortaya çıxacağı təqdirdə, şirkət mövcud borc yükü göstəriciləri çərçivəsində əhəmiyyətli potensiala, həmçinin bank depozitləri də daxil olmaqla böyük həcmdə pul ehtiyatlarına malikdir. Bundan əlavə, şirkətin aktivlərinin strateji əhəmiyyətini nəzərə alaraq, zərurət yaranacağı halda səhmdarların dəstəyinin davam edəcəyini gözləyirik”, — deyə hesabatda vurğulanır.
Agentlik xatırladır ki, bu günədək SGC dividend ödəməyib və artıq likvidliyi SOCAR-ın maliyyə törəmə qurumu olan "SOCAR Capital LLC"də tələb əsasında geri qaytarıla bilən qısamüddətli faizli investisiyalar formasında yerləşdirib.
“Bununla belə, şirkət dövlət payının XRG şirkətinə satışının başa çatmasından sonra dividend ödənişlərinə başlamağı gözləyir. Lakin ödənişlərin həcmi dividend siyasətinin yekun təsdiqindən asılı olacaq. Şirkət hər il formalaşan pul vəsaitlərinin əhəmiyyətli hissəsinin bölüşdürülməsini nəzərdən keçirə bilsə də, biz onun dayanıqlı maliyyə profilini və göstəricilərini qoruyacağını gözləyirik. "SOCAR Capital LLC"yə yatırımlar əlavə likvidlik buferi rolunu oynayır və gələcək dividendlər hesabına nəzərə alına bilər”, -deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl “Moody’s” SGC-yə xarici və milli valyutada uzunmüddətli emitent reytinqlərini Baa3 səviyyəsində və baza kredit qiymətləndirməsini (BCA) baa3 səviyyəsində təyin edib. Proqnoz isə müsbətdir.