Amerikalı mütəxəssislər kiçik modul reaktorları ilə bağlı məsləhətləşmələr üçün İrəvana gəliblər. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, 19–22 may tarixləri arasında “Sargent and Lundy” şirkətinin ekspertləri Ermənistanda olub və artıq “Atom Elektrik Stansiyasının qabaqcıl Amerika kiçik reaktorları ilə əvəz olunması” üzrə texniki-iqtisadi qiymətləndirmə aparıblar.
Qeyd olunub ki, Ermənistanda tətbiq üçün ən uyğun hesab edilən 4 nüvə texnologiyası seçilib və texniki dəstək Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qabaqcıl təcrübəsi ilə uyğunlaşdırılıb.
Fevral ayında İrəvana gələn ABŞ-ın vitse-prezidenti Vens bildirmişdi ki, Vaşinqton Ermənistanın nüvə energetikası sahəsinə 9 milyard dollar investisiya yatıracaq (5 və 4 milyard dollarlıq tranşlarla) və “hər ölkə ilə paylaşılmayan” kiçik modul reaktorlar təqdim edəcək.
Bununla yanaşı, baş nazir Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan yeni atom elektrik stansiyasının tikintisi üçün ən sərfəli təklifi axtarır. Variantlar arasında Rusiya reaktoru da nəzərdən keçirilir. Moskva İrəvana respublikanın uzun illər enerji ehtiyacını ödəyə biləcək böyük güclü AES layihəsi təklif edib.