Bakı.Trend:
Rusiyanın Krasnodar diyarında strateji əhəmiyyətə malik Tuapse Dəniz Ticarəti Limanının sahibi olan azərbaycanlı iş adamı Şahlar Novruzov və onun qohumu Leyla Hacıyevanın işi üzrə qapalı məhkəmə dinləmələri başlayıb.
Trend xəbər verir ki, “Kommersant” qəzetinin məlumatına görə, iş adamına şirkət payları üzərində sərəncam verilməsi zamanı xüsusilə külli miqdarda dələduzluğa cəhd və mülki iş üzrə sübutların saxtalaşdırılması ittihamları irəli sürülüb.
İstintaqın versiyasına əsasən, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” ofşor şirkətinə satıb, on il sonra isə ona yenidən nəzarəti qaytarmaq məqsədilə saxta boşanma prosesi təşkil edib. Bu proses zamanı onun həyat yoldaşı rolunda çıxış edən qohumu sözügedən sövdələşmənin ləğvini tələb edib.
Novruzov 26 sentyabr 2025-ci ildə saxta sənədlərdən istifadə etməklə təxminən bir milyard rubl (təx. 24 milyon manat ) dəyərində əmlakı mənimsəmək ittihamı ilə həbs olunub. Əslən Gəncədən Novruzov 1990-cı illərin sonlarında Rusiyaya köçərək biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Novruzov biznes fəaliyyəti ərzində Rusiyada “Kafe “Starıy Baku”” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb, həmçinin “Tuapse Dəniz Ticarəti Limanı” (TMKP), “TMKP Müəssisəsi” və “Temryuk Dəniz Yükötürmə Terminalı” şirkətlərinə sahib olub. Tuapsedəki liman infrastrukturu vasitəsilə Rusiyanın cənubuna idxal olunan tərəvəz və meyvələrin əhəmiyyətli hissəsi daşınır.
2025-ci il noyabrın 24-də Krasnodar Arbitraj Məhkəməsi Rusiya Baş Prokurorluğunun iddiasını təmin edərək Novruzovun aktivlərinin dövlət xeyrinə müsadirə olunması haqda qərar çıxarıb . Məhkəmə qərarına əsasən, “Tuapse Dəniz Ticarəti Limanı” MMC və “TMKP Müəssisəsi” MMC-nin 100 faizlik payları Rusiya dövlət xəzinəsinin mülkiyyətinə keçib.
İttiham aktına görə, Novruzov 2014-cü ildə TMKP-nin 100 faizlik payını “Vonixel Limited” (Britaniya Virgin adaları) ofşor şirkətinə verərək əvəzində həmin şirkətin səhmlərini alıb. 2022-ci ildə Britaniya Virgin adaları Rusiyaya qarşı qeyri-dost ölkələr siyahısına daxil edilib. İstintaqın fikrincə, məhz bundan sonra Novruzovda Rusiya hüquq-mühafizə orqanlarının iddialarından yayınmaq üçün aktivləri geri qaytarmaq planı yaranıb.
Bu məqsədlə onun qohumu Leyla Hacıyevanı həyat yoldaşı rolunu oynamağa razı saldığı iddia olunur. İttiham tərəfinin versiyasına görə, onun planı ikinci həyat yoldaşının razılığı olmadan bağlanmış sövdələşmələrin etibarsız sayılmasına imkan verən qanun normasına əsaslanıb. 2024-cü ilin əvvəlində Hacıyeva boşanma iddiası qaldıraraq limanın ofşor şirkətə ötürülməsinin ləğvini tələb edib və guya 2014-cü ildə Azərbaycanda rəsmiləşdirilmiş nikah şəhadətnaməsini təqdim edib. Lakin hüquq-mühafizə orqanları belə bir nikahın mövcud olmadığını müəyyən ediblər. 2025-ci ilin yazında cinayət işi başlanıb və Novruzov saxlanılıb.
