Bakı.Trend:
Bakı bir neçə gün ərzində təkcə şəhərlərin gələcəyinin müzakirə olunduğu qlobal platformaya – Ümumdünya Şəhərsalma Forumuna (WUF13) deyil, həm də ailəvi istirahət, uşaqlar üçün yeni kəşflər və interaktiv təhsil məkanına çevrilib.
Trend xəbər verir ki, forum ərazisində uşaqların “ağıllı şəhər” maketlərini maraqla araşdırdıqlarını, VR texnologiyalarını sınaqdan keçirdiklərini, ekoloji layihələr çəkdiklərini və eyni zamanda xüsusi yaradılmış urban-məkanlarda oynadıqlarını görmək mümkündür.
Bakıda təşkil olunan platformada uşaqlara və ailələrə xüsusi diqqət ayrılıb – forum bütün yaş qrupları üçün rahat və inklüziv şəhərin necə olmalı olduğunu nümayiş etdirməyə çalışır.
WUF13 çərçivəsində uşaqlar və yeniyetmələr üçün aşağıdakı imkanlar yaradılıb: oyun və maarifləndirici fəaliyyətləri əhatə edən interaktiv zonalar və "Urban Playground"; pavilyonlarda VR-məkanlar və multimedia instalyasiyaları; master-klasslar və mədəni proqramlar; "Urban Cinema"da kinozonalar və qısametrajlı filmlər; "WUF13 Boulevard" ərazisində açıq ictimai istirahət və gəzinti məkanları. Təşkilatçılar inklüzivlik məsələlərinə də diqqət ayırıblar: forum ərazisində panduslar, liftlər, taktil göstəricilər və xüsusi "quiet room"lar fəaliyyət göstərir.
“Düşünürdük ki, uşaqlar tez darıxacaq, çünki forum əsasən urbanistika və memarlıq mövzusuna həsr olunub. Amma əksinə oldu – burada maraqlı proqram təqdim edilir, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərir. Onlar üçün bu, sanki fantastik filmdəki şəhərdir. Ən vacibi isə odur ki, burada hər şey ailələr üçün təhlükəsiz və rahat şəkildə təşkil olunub”, – deyə forum iştirakçısı Sevinc Zeynalova bildirib.
Bir çox valideyn qeyd edir ki, WUF13 uşaqların sadəcə böyükləri müşayiət edən deyil, hadisələrin tamhüquqlu iştirakçıları kimi hiss etdikləri nadir beynəlxalq forum nümunəsinə çevrilib.
“Burada əyləncə ilə təhsil arasında balansın olması xoşuma gəldi. Uşaq oynayır, amma eyni zamanda şəhərlər, ekologiya və texnologiyalar haqqında yeni biliklər əldə edir. Rahat istirahət zonaları var, naviqasiya sistemi yaxşı qurulub, könüllülər isə hər zaman kömək edirlər. Bu, ailələr üçün çox vacibdir”, – deyə Leyla İsmayılova vurğulayıb.















