Bakı. Trend:
Kolumbiyanın “ZonaCero” rəqəmsal nəşri Azərbaycanda mina təhlükəsinin yaratdığı humanitar problemə və ölkənin minatəmizləmə istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr olunmuş məqalə dərc edib.
Trend-in məlumatına görə, “Azərbaycan və mina problemi: daha böyük beynəlxalq həmrəylik tələb edən səbəb” başlıqlı materialda qeyd olunur ki, təxminən 30 ilə yaxın davam edən işğal nəticəsində Azərbaycanın 11 667 kvadrat kilometr ərazisi, yəni ölkə ərazisinin 13,4 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdə qalır.
Nəşr vurğulayır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina hadisələri ilə bağlı 258 insident qeydə alınıb, nəticədə qadınlar və uşaqlar da daxil olmaqla 420 nəfər zərər çəkib. Son 30 ildə isə ümumilikdə 3 400-dən çox insan mina qurbanı olub.
“ZonaCero”nun yazdığına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi ilə Azərbaycan humanitar minatəmizləmə sahəsində mühüm irəliləyiş əldə edib. Məqalədə bildirilir ki, artıq mina və müharibənin partlayıcı qalıqları aşkarlanan 260 min hektardan çox ərazi təmizlənib.
Kolumbiya nəşri həmçinin mina təhlükəsinin məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olduğunu diqqətə çatdırıb və humanitar minatəmizləmə məsələlərinin həllində beynəlxalq əməkdaşlıq və həmrəyliyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, yazıda Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə də iştirak etdiyi, texniki yardım, avadanlıq təchizatı və ixtisaslaşdırılmış təlimlər vasitəsilə Ukraynada minatəmizləmə prosesinə dəstək verdiyi qeyd olunub.
Məqalədə həmçinin bildirilir ki, Azərbaycan və Kolumbiya piyada əleyhinə minalar problemi ilə üzləşir və bu amil sözügedən sahədə iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.