Vladimir Putinin bugünkü Çin səfəri Rusiyaya “Sibirin Gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı çoxdan gözlənilən razılaşmanı yenə gerçəkləşdirmədi.
Modern.az xəbər verir ki, 10 ildən artıqdır müzakirə olunan və Çinə qaz ixracını ildə 100 milyard kubmetrə çatdırmağı nəzərdə tutan layihə üzrə hələ də razılaşdırılmamış “bəzi nüanslar” qalır. Bunu Putinlə Çin lideri Si Cinpin arasında keçirilən danışıqlardan sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bəzi nüansları hələ razılaşdırmaq lazımdır”, - deyən Peskov əlavə edib ki, layihənin əsas parametrləri və gələcək boru kəmərinin marşrutu üzrə ümumi anlaşma əldə olunub, lakin layihənin həyata keçirilmə müddətləri ilə bağlı hələ də dəqiq razılıq yoxdur.
“Hazırda konkret tarix yoxdur. Bu, hər halda kommersiya məlumatıdır. Amma bu, kifayət qədər böyük nailiyyətdir”, - deyə Peskov söyləyib. Avropa bazarını itirmiş “Qazprom” üçün həyati əhəmiyyət daşıyan yeni qaz kəməri layihəsində əsas problem qazın qiyməti olaraq qalır. Daha əvvəl “Financial Times”a danışan mənbənin sözlərinə görə, Çin qazın qiymətinin Rusiyanın daxili bazar qiymətlərinə yaxın səviyyəyə endirilməsini tələb edir.
Söhbət min kubmetr üçün təxminən 50 dollardan gedir bu da Pekinin hazırda ödədiyi qiymətdən (258 dollar) təxminən 5 dəfə, “Qazprom”un digər uzaq xarici müştərilərinə tətbiq etdiyi qiymətdən (420 dollar) isə 8,5 dəfə aşağıdır.
Bundan əlavə, Çin qaz tələbatının artıq zirvəyə çatmış ola biləcəyindən narahatdır və buna görə də əlavə qaz alış öhdəlikləri götürməyə ehtiyatla yanaşır.
Hazırda Çin Rusiyadan ildə 38 milyard kubmetr qaz alır ki, bu da “Qazprom”un uzaq xaricə ixrac etdiyi qazın yarısına bərabərdir. Rusiya hökuməti onilliyin sonuna qədər Çinə qaz ixracını 47% artıraraq ildə 56 milyard kubmetrə çatdırmağı planlaşdırır. Əlavə qaz Uzaq Şərq marşrutu (12 milyard kubmetr) və “Sibirin Gücü-1” qaz kəmərinin gücünün artırılması (6 milyard kubmetr) hesabına təmin ediləcək.