Bakı. Trend:
Türiyədəki son zəlzələ inkişaf modellərimizin, qlobal səhiyyə sistemlərimizin və şəhərsalma yanaşmalarımızın sınağa çəkilməsi baxımından bütün sistemi əhatə edən dərin bir gərginlik yaratdı.
Trend xəbər verir ki, bunu BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi Batatunde Ahonsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Türkiyədəki son zəlzələ şəhərlərdə mövcud olan fiziki həssaslığın miqyasını ortaya qoyub:
"Lakin bu böyük faciənin içində mühüm bir imkan da gizlənir. Bu, bərpa prosesini dayanıqlılıq, davamlı inkişaf və inklüzivlik istiqamətində gələcəyə hesablanmış bir gündəliyə çevirmək fürsətidir. Bu yanaşma yalnız əhalinin, aktivlərin və iqtisadi fəaliyyətin qorunması üçün deyil, eyni zamanda bərabərsizliklərin və müxtəlif risklərə məruz qalmanın azaldılması baxımından da mühüm əhəmiyyət daşıyır. Məhz buna görə şəhər dayanıqlılığı həm milli bərpa strategiyalarının, həm də COP31 kimi qlobal proseslərin mərkəzində dayanmalıdır.
Təcrübə göstərir ki, şəhər dayanıqlılığı xərc deyil. Əksinə, bu, davamlı inkişaf üçün edilə biləcək ən strateji və ən səmərəli investisiyalardan biridir. Vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və xüsusilə zərər çəkmiş icmaların özləri bərpa prosesinin fəal həmtəsisçiləri kimi bu işə cəlb olunmalıdır. Əlbəttə, burada BMT-nin vahid yanaşması da mühüm rol oynayır.
Birləşmiş Millətlər Təşkilatının ölkə komandası olaraq biz də zərər görmüş bölgələrdə innovativ koordinasiya mexanizmləri yaradaraq bu yanaşmanı bərpa səylərində praktik şəkildə həyata keçirməyə çalışırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.