Bakı. Trend:
Şəhərin transformasiyası zamanı hər bir fərd, dövlət qurumları və aidiyyəti tərəflər hamısı məsuliyyət daşıyır.
Trend xəbər verir ki, bunu İspaniya Krallığının Kataloniya Hökumətinin Ərazi Planlaşdırması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet Çiriçi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, şəhərin transformasiyasından danışanda bəzi məsələlər prioritet olmalıdır:
"Bu proses təkcə fiziki yenilənmə ilə məhdudlaşmamalı, həm də sosial ədalət və inklüzivlik prinsiplərinə əsaslanmalıdır. Sosial məsələlər də mütləq öz həllini tapmalıdır. Xüsusilə mənzil təminatı, məşğulluq, ictimai xidmətlərə çıxış və həssas qrupların müdafiəsi kimi sahələr diqqət mərkəzində olmalıdır.
Bu işlər görülərkən hər bir layihə yalnız lokal ehtiyaclara cavab verməməli, eyni zamanda nümunəvi yanaşma kimi formalaşmalı və şəhər problemlərinin daha geniş, qlobal həllinə töhfə verməlidir".
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.