X platforması pulsuz istifadəçilər üçün paylaşım limitlərini sərtləşdirib.
Modern.az “Mashable” platformasına istinadən bildirir ki, Platformanın Yardım Mərkəzində edilən yeniləmələrə əsasən, artıq ödənişsiz hesablar gündə maksimum 50 orijinal paylaşım edə biləcək.
Yeni qaydalara görə, Premium abunəliyi olmayan istifadəçilər gündə 50 post, 200 cavab və 500 birbaşa mesaj göndərə biləcəklər. Maraqlısı odur ki, əvvəlki limit gündə 2400 paylaşım idi. Bu isə xüsusilə aktiv istifadəçilər və avtomatlaşdırılmış hesablar üçün ciddi azalma hesab olunur.
X bu dəyişikliyin səbəbini platformanın texniki infrastrukturuna düşən yükü azaltmaq, sistem sabitliyini qorumaq, eləcə də nasazlıqlar və səhv səhifələrinin qarşısını almaq istəyi ilə izah edib. Şirkət həmçinin bildirib ki, limitə çatdıqda istifadəçilərə xəbərdarlıq göstəriləcək və zaman əsaslı limitlər müəyyən müddət sonra yenilənəcək. Bundan əlavə, platformada yüksək aktivlik dövrlərində bu limitlər müvəqqəti olaraq daha da azaldıla bilər.