Qadınları bələdiyyə seçkilərinə qatılmağa güclə razı salırdıq. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda güclü qadın potensialı var, lakin qadınların özünəinam problemi hələ də qalır.
“Qadının özünə inamı olmalıdır ki, mən bu rəqabətdə sərbəst iştirak edə bilərəm. Mənim biliyim, professionallığım o səviyyəyə qalxıb ki, mən artıq kişilərlə bərabər burada çalışa bilərəm”, - deyə o bildirib.
Hicran Hüseynova vurğulayıb ki, qadınların siyasətə qoşulması ilə bağlı tərəddüdlər hələ də qalır:
“Nə qədər biz qadınları itələyə-itələyə, yalvarırdıq onlara ki, gəlin bələdiyyə seçkilərində iştirak edin”.
Deputatın sözlərinə görə, bir çox qadın ictimai təzyiqdən və tənqiddən çəkinir:
“Deyirdilər ki, birdən bizə söyüş deyərlər, haqqımızda yazarlar”.
Komitə sədri bildirib ki, siyasətə qoşulan hər kəs tənqidə hazır olmalıdır:
“Qadın olsun, kişi olsun, siyasətə qoşulubsa, yazacaqlar da, deyəcəklər də. Amma öz işini yaxşı bilsən, təmiz işləsən, sən öz işini gör”.