Bakı. Trend:
100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasında (GES) tikinti işlərinin 90%-i başa çatıb.
Bunu WUF13 çərçivəsində Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC (“Universal Energy Co., Ltd.” şirkətinin Azərbaycandakı törəmə müəssisəsi) arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” MMC tərəfindən imzalanıb. Ötən ilin sonunda isə stansiyanın inşası çərçivəsində ilk panel quraşdırılıb. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.