Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO tərəfindən təşkil olunan “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhər inkişafı” mövzusunda panel müzakirəsi keçirilir.
Trend xəbər verir ki, sessiya çərçivəsində yaradıcı şəhərlərin şəhərlərin dayanıqlı inkişafındakı rolu, mədəni əməkdaşlığın genişləndirilməsi və mədəni siyasətin şəhər inkişaf strategiyalarına inteqrasiyası məsələləri müzakirə olunur.
Panel müzakirəsində yaradıcı sənayelərin inkişaf istiqamətləri, mədəni irsin qorunması və mədəniyyətin şəhərlərin dayanıqlılığının təmin edilməsinə töhfəsinin artırılması məsələlərinə baxılır.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
