Azərbaycan ev sahibi ölkə kimi WUF13 və enerji gündəliyi üzrə mühüm platformaları Dayanıqlı İnkişaf Məqsədləri ətrafında bir araya gətirməkdən məmnundur.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, şəhərlər qlobal enerji istehlakının təxminən 70 faizini təşkil edir və istixana qazı emissiyalarında əhəmiyyətli paya malikdir.
“Bu səbəbdən şəhər inkişafının bərpa olunan enerji, enerji səmərəliliyi və iqlim dayanıqlılığı həlləri əsasında qurulması vacibdir”.
O həmçinin vurğulayıb ki, Azərbaycan yaşıl enerji gündəliyini strateji prioritet kimi irəli aparır:
“Ölkədə genişmiqyaslı bərpa olunan enerji layihələri və transsərhəd enerji dəhlizləri həyata keçirilir, yaşıl enerji zonaları inkişaf etdirilir, enerji səmərəliliyi artırılır və elektrik şəbəkəsi modernləşdirilir.
Gələn il ümumi gücü 2 giqavat olan 12 günəş və külək elektrik stansiyası istifadəyə veriləcək. Bu layihələr ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq”.
P.Şahbazov onu da əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi bərpa olunur:
“Regionda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında günəş panelləri, enerji səmərəli həllər və elektrik avtomobilləri üçün enerji doldurma infrastrukturu geniş tətbiq edilir.
2030-cu ilədək regionda planlaşdırılan 1650 meqavatlıq bərpa olunan enerji gücü emissiyaları ildə təxminən 2 milyon ton azaltmağa imkan verəcək”.
Azərbaycan nümayəndəsi qeyd edib ki, iki həftə sonra Bakıda D8 üzv dövlətlərinin energetika nazirlərinin ilk iclası keçiriləcək:
“İclas zamanı Azərbaycanın ev sahibliyi edəcəyi D8 İqlim və Enerji Mərkəzinin nizamnaməsi təqdim olunacaq.
Mərkəz D8 ölkələri üzrə dayanıqlı enerji layihələri üçün regional platforma rolunu oynayacaq və bərpa olunan enerji, enerji səmərəliliyi, eləcə də digər iqlim həlləri sahəsində əməkdaşlığı təşviq edəcək”, - deyə P.Şahbazov qeyd edib.