Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi edir və bu COP29-dan sonra ölkənin daha bir mühüm beynəlxalq uğurudur.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə D-8 təşkilatının Baş katibi, səfir Sohail Mahmood bildirib.
O qeyd edib ki, hazırda dünya misli görünməmiş urbanizasiya prosesi yaşayır.
“BMT-nin məlumatına görə, dünya əhalisinin təxminən 56 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə çatacağı gözlənilir.
Şəhərlər qlobal ÜDM-in 80 faizindən çoxunu formalaşdırsa da, eyni zamanda qlobal enerji istehlakının və enerji ilə bağlı istixana qazı emissiyalarının təxminən 70 faizinə cavabdehdir”.
Baş katib vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, şəhər infrastrukturu, soyutma sistemləri, nəqliyyat və rəqəmsal xidmətlər üzrə elektrik enerjisinə tələbat 2050-ci ilədək 75 faizdən çox artacaq.
“Dayanıqlı urbanizasiya və enerji keçidi artıq ayrı-ayrı siyasət istiqamətləri deyil, bir-biri ilə sıx bağlı inkişaf prioritetləridir.
D8 ölkələri böyük gənc əhali, strateji coğrafi mövqe, artan sənaye və texnoloji potensial, həmçinin zəngin bərpa olunan enerji resurslarına malikdir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil təminatı, nəqliyyat infrastrukturu, su təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması və enerji tələbatı üzərində ciddi təzyiq yaradır”.
S.Mahmood əlavə edib ki, inkişaf etməkdə olan ölkələr enerji keçidi və şəhər inkişafı gündəliklərini uyğunlaşdırmaq üçün güzəştli maliyyəyə, texnologiya transferinə və beynəlxalq tərəfdaşlıqlara daha geniş çıxış əldə etməlidir:
“D8 əməkdaşlığı üçün beş əsas prioritet də təqdim olunub. Bunlara inteqrə olunmuş şəhər enerji planlaşdırılması, rəqəmsal idarəetmə və ağıllı texnologiyalar, Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, iqlimə dayanıqlı şəhər inkişafı üçün investisiyaların artırılması və D8 ölkələrinin beynəlxalq platformalarda daha fəal mövqedən çıxış etməsi daxildir”.
Səfirin sözlərinə görə, Bakıda yaradılması nəzərdə tutulan D8 Enerji və İqlim Mərkəzi siyasət dialoqu, texniki əməkdaşlıq, tədqiqat mübadiləsi və potensialın gücləndirilməsi üçün regional platforma rolunu oynaya bilər:
Sonda baş katib “D8 Dayanıqlı Şəhəri”, “D8 Yaşıl Paytaxtı” və “D8 Təmiz Enerji Paytaxtı” kimi təşəbbüslərin irəli sürülməsini təklif edib. Onun fikrincə, bu şəhərlər arasında innovasiya və dayanıqlı inkişaf sahəsində rəqabəti gücləndirəcək.