Bakı. Trend:
Şəhərlərin gələcəyi daha az enerji ilə daha çox dəyər yaratmaq prinsipinə əsaslanır və bu, əsasən yaşıl texnologiyalar və enerji səmərəliliyi hesabına mümkün olur. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi bu yanaşmanın bariz nümunəsidir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə yalnız infrastruktur bərpa edilmir, eyni zamanda “gələcəyin şəhərləri” inşa olunur.
Nazir bildirib ki, bu ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd”, "yaşıl enerji zonaları" və rəqəmsal idarəetmə sistemləri vahid konsepsiya kimi tətbiq edilir:
"Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru 2050-ci ilə qədər “xalis sıfır emissiya” hədəfi ilə "yaşıl enerji" zonası elan etməsi bu strateji baxışın tərkib hissəsidir. Hazırda həmin ərazilərdə ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi davam edir, 7 min kilovat gücündə damüstü günəş panelləri quraşdırılıb və 240 meqavatlıq külək elektrik stansiyası üzrə qiymətləndirmə işləri aparılır".
O əlavə edib ki, 2030-cu ilə qədər 1650 meqavat bərpaolunan enerji gücünün istifadəyə verilməsi planlaşdırılır və bu, ildə təxminən 2 milyon ton istixana qazı emissiyasının azalmasına imkan yaradacaq.
Pərviz Şahbazov qeyd edib ki, bu model artıq Naxçıvan bölgəsinə də genişlənir və Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında strateji enerji və yaşıl elektrik bağlantılılığı mərkəzinə çevrilir.
Nazir əlavə edib ki, bu yanaşma Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı ilə daha da güclənir və regionlararası enerji və rəqəmsal əlaqələrin yeni arxitekturasını formalaşdırır.
"Uğurlu şəhərlər artıq ölçüsü ilə deyil, dayanıqlılığı, innovasiyası, inteqrasiyası və bağlantılılığı ilə müəyyən olunur", - nazir əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.