Azərbaycan regional əməkdaşlığın daha da inkişaf etdirilməsi və bölgə ölkələrinin qarşılıqlı fayda əsasında inteqrasiyası üçün möhkəm zəmin yaradıb.
Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
O qeyd edib ki, 2025-ci il avqustun 9-da Vaşinqtonda imzalanmış sənədlər bu baxımdan tarixi mərhələ oldu.
“Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı, həmçinin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanması iki ölkə arasında faktiki sülh mühitinin formalaşmasına və növbəti mərhələdə iqtisadi əməkdaşlıq üçün imkanların açılmasına şərait yaratdı”.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycan bu prosesin səbirlə, ardıcıl və dayanıqlı şəkildə irəliləməsinə sadiqdir:
“Məqsəd tam, davamlı və hərtərəfli normallaşmaya nail olmaqdır. Eyni zamanda, ölkəmiz azad edilmiş ərazilərdə bərpa, inkişaf, rifah və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu prosesin qarşısında duran ən ciddi çağırışlardan biri mina təhlükəsidir. Minalar bərpa işlərinə, iqtisadi fəaliyyətə, kənd təsərrüfatının inkişafına və insanların təhlükəsiz hərəkətinə ciddi maneə yaradır”.
C.Bayramov bildirib ki, azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur.
“Münaqişədən sonra yüzlərlə mülki şəxs və minatəmizləmə əməkdaşı mina partlayışlarının qurbanı olub. Humanitar minatəmizləmə Azərbaycanın əsas milli prioritetlərindən biri olaraq qalır və dayanıqlı bərpa, uzunmüddətli regional sabitlik və bağlantı üçün vacib şərtdir.
Yenidənqurma yalnız fiziki infrastrukturun bərpası demək deyil. Bu, həm də icmaların, sənaye zonalarının və iqtisadi imkanların yenidən birləşdirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait yaradılmasıdır”.
Xarici işlər naziri əlavə edib ki, nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil yolları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr azad edilmiş əraziləri daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir:
“Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu artırmaqla yanaşı, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi də gücləndirir”.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycan Transxəzər Orta Dəhlizi və Şimal-Cənub Dəhlizinin əsas iştirakçılarından biri kimi multimodal bağlantı gündəliyini ardıcıl şəkildə təşviq edir:
“2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi Asiya ilə Avropa arasında dəmir yolu, avtomobil yolu, enerji xətləri və fiber-optik kabellər vasitəsilə yeni strateji bağlantı xəttinin formalaşmasına zəmin yaradıb.
Azərbaycanın baxışı yalnız ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Ölkə yaşıl enerji dəhlizləri, bərpa olunan elektrik enerjisinin ötürülməsi sistemləri, enerji saxlama infrastrukturu və qabaqcıl fiber-optik bağlantı layihələrini də inkişaf etdirir. Bu istiqamətdə “Rəqəmsal İpək Yolu” təşəbbüsü Avropa ilə Asiya arasında yeni rəqəmsal kommunikasiya dəhlizlərinin yaradılmasını hədəfləyir”.
C.Bayramov onu da diqqətə çatdırıb ki, Azərbaycan şəhərləri dayanıqlı bağlantı, iqtisadi artım, davamlı inkişaf və regional əməkdaşlığın mərkəzinə çevirmək üçün dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlığın genişləndirilməsinə sadiqdir:
“Daha güclü sərhədlərarası əməkdaşlıq, əlverişli siyasi çərçivələr və inteqrasiya olunmuş şəhərsalma yanaşmaları şəhərləri yalnız ticarət və inkişaf mühərrikinə deyil, həm də sülh, dayanıqlılıq və ortaq rifah yoluna çevirə bilər”, - deyə nazir qeyd edib.